2026-cı il DÇ-də "sarı vərəqə" amnistiyası
Dünya çempionatının açılış matçında üç qırmızı vərəqə qeydə alınsa da, FİFA-nın 2026-cı il final mərhələsi üçün tətbiq etdiyi yeni amnistiya qaydası sayəsində futbolçuların vərəqə limitinə görə final oyununu qaçırmaq riski minimuma enib.
Crossmedia.az xəbər verir ki, meksikalı referi Uilton Sampaionun ev sahiblərindən Meksikanın Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub etdiyi açılış qarşılaşmasında üç oyunçunu meydandan qovması rəqəmləri artırsa da, əsas təhlükə sarı vərəqələrin toplanması hesab olunur. Dünya futbolunun rəhbər orqanı məhz bu məsələdə oyunçulara böyük güzəşt edib.
Qaydalara əsasən, fərqli matçlarda iki sarı vərəqə alan oyunçu növbəti görüşü buraxmalı olur ki, bu da keçmişdə bir çox ulduz futbolçunun karyerasında silinməz izlər qoyub. Məsələn, 2002-ci ildə Almaniya millisinin yarımmüdafiəçisi Mixael Ballak, 1990-cı ildə isə argentinalı Klaudio Kanicca məhz bu qaydaya görə dünya çempionatının final matçını kənardan izləmək məcburiyyətində qalmışdılar. FİFA 2010-cu ildən etibarən sarı vərəqələrin dörddəbir finaldan sonra silinməsi qaydasını tətbiq etsə də, komanda sayının artırıldığı 2026-cı il turnirində daha bir irəli addım atıb.
Yeni qaydaya əsasən, vərəqələr turnir ərzində iki dəfə tamamilə silinəcək.3 oyunluq qrup mərhələsindən sonra aktivində cəmi bir sarı vərəqə olan futbolçuların intizam göstəriciləri sıfırlanacaq və onlar pley-off mərhələsinə "təmiz vərəqlə" başlayacaqlar.
Dörddəbir final mərhələsindən sonra da vərəqələr yenidən silindiyi üçün heç bir futbolçu sarı vərəqə limitinə görə yarımfinalda komandasını finala daşıyıb, həlledici matçdan kənarda qalmayacaq.
Bununla belə, qırmızı vərəqə alan oyunçular üçün avtomatik bir oyunluq cəza qüvvədə qalır və aqressiv davranış qeydə alınarsa, FİFA-nın İntizam Komitəsi bu sanksiyaları daha da ağırlaşdıra bilər.
Fatimə Cabbarlı
02:35 13.06.2026
Oxunuş sayı: 59