Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun orkestrinin ifasında Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb.
Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb: “Bu gün qədim tarixi və zəngin ənənələri olan BDU-nun həyatında unudulmaz gündür. 107 illik zəngin tarixə və ənənələrə sahib olan Bakı Dövlət Universitetinin məzunları kimi həyatınızın yeni mərhələsinə qədəm basırsınız. Məzun Günü sizin həyat yolunuzda yeni bir mərhələnin - Vətənə və cəmiyyətə xidmət missiyasının başlanğıcı, zəhmətinizin, əzminizin və iradənizin təntənəsidir. Siz Azərbaycan tarixinin ən qürurlu səhifələrinin yazıldığı bir zamanda təhsil aldınız, qalib xalqın gəncləri kimi formalaşdınız. Tələbəlik illəriniz Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin işığında keçdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli həmrəyliyin gücləndirilməsi istiqamətində yorulmaz fəaliyyəti və qəhrəman Azərbaycan əsgərinin misilsiz şücaəti nəticəsində ölkəmiz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycan sürətlə inkişaf edir, qlobal siyasi və iqtisadi proseslərdə söz sahibi olan, beynəlxalq təşəbbüslər irəli sürən, regionun gələcəyini formalaşdıran güclü və qüdrətli dövlət kimi öz mövqeyini möhkəmləndirir. Siz dünyanın sürətlə dəyişdiyi, yeni texnologiyaların, süni intellektin həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə təhsil alaraq məzun olursunuz. Bu gün qlobal miqyasda yeni bilik iqtisadiyyatı formalaşır. Rəqəmsal transformasiya cəmiyyətlərin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilir. Azərbaycan da bu proseslərin fəal iştirakçısı kimi davamlı inkişaf edir, yeni imkanlar yaradır və insan kapitalının gücləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edir. Müasir dünyamızda hər bir uğurun əsasında bilik, peşəkarlıq, çevik düşüncə və yeniliklərə can atmaq dayanır. Siz Universitetdə qazandığınız biliklərə, dünyagörüşünüzə və əldə etdiyiniz bacarıqlara söykənərək ölkəmizin inkişafında mühüm rol oynayacaqsınız. Dövlətimizə, xalqımıza və gələcəyimizə qarşı məsuliyyət hissi ilə fəaliyyət göstərmək sizin ən ali vəzifəniz olmalıdır. Vətən sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq və peşəkarlıq həyat yolunuzun əsas prinsiplərinə çevrilməlidir. BDU-nun dünya şöhrətli məzunu, müasir Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyev hər zaman Universitetimizin ən böyük qürur mənbəyi olub. Onun “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam!” kəlamı BDU-ya verilmiş ən yüksək qiymətin ifadəsidir. Siz də bu böyük məktəbin məzunları kimi hər zaman bununla fəxr etməli, bu ada layiq olmağa çalışmalısınız”.
Rektor bildirib ki, 107 il əvvəl cəmi iki fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan BDU bu gün regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. 25 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfərlik professor-müəllim heyətinin çalışdığı ali təhsil müəssisəsi kimi BDU təkcə ölkəmizdə deyil, regionun aparıcı universiteti kimi sürətlə inkişaf edir. Təhsilin keyfiyyəti yüksəlir, yeni təlim texnologiyaları tətbiq olunur, elmi tədqiqatların əhatəsi genişlənir. Yeni idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl islahatlar aparılır. Hər il BDU-nun minlərlə məzunu yüksək ixtisaslı kadr kimi əmək fəaliyyətinə başlayır: “Məzunlarımız dövlət təşkilatlarında, iri sənaye müəssisələrində, beynəlxalq təşkilatlarda, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında uğurla təmsil olunur, öz bilik və bacarıqları ilə seçilirlər. Bu gün doğma Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yüzlərlə BDU məzunu peşəkar mütəxəssis kimi öz töhfəsini verir. Hər il "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" əsasında onlarla BDU məzunu nüfuzlu xarici universitetlərə yollanır. Bütün bunlar Bakı Dövlət Universitetində formalaşmış güclü ənənələrin, yüksək təhsil mühitinin göstəricisidir. 5 il əvvəl dünya universitetləri reytinqində top 1500-də qərarlaşan universitet artıq ilk 700-dədir, sabah ilk 600-də qərarlaşacaq, əminik ki, yaxın gələcəkdə ilk 500-də, hətta daha yüksəklərdə yer alan, güclü elm-təhsil mərkəzləri sırasında öz layiqli mövqeyini möhkəmləndirən və dünya universitetləri ilə çiyin-çiyinə dayanan bir ali təhsil ocağına çevriləcək. Bu yüksəliş yalnız rəqəmlərin dəyişməsi deyil, həm də sistemli inkişafın, elmi potensialın və beynəlxalq rəqabət qabiliyyətinin göstəricisidir. Bakı Dövlət Universiteti hər zaman öz missiyasına sadiq qalaraq cəmiyyətə savadlı, vətənpərvər, məsuliyyətli və təşəbbüskar gənclər bəxş edib. Bu gün də bu missiya davam edir. Əminik ki, harada çalışmalarından asılı olmayaraq BDU məzunları dövlətimizə, xalqımıza layiq vətəndaşlar kimi xidmət edəcək, Bakı Dövlət Universitetinin adını daim uca tutacaq, qazandıqları bilik və bacarıqlarla cəmiyyətimizə fayda verəcək, valideynlərin, müəllimlərin və dövlətimizin ümidlərini doğruldacaqlar. Universitet hər zaman sizin doğma eviniz, uğurlarınızın başlanğıc nöqtəsi və qürur mənbəyiniz olaraq qalacaq”.
Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.
Elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu il ölkəmizin ali təhsil müəssisələrini 63 mindən artıq tələbə bitirir. Bakı Dövlət Universitetinin məzunlarının sayı 6 minə yaxındır. Nazir müavini qeyd edib ki, ölkəmizdə təhsildə insan kapitalının inkişafına ciddi diqqət yetirilir: “Ölkə başçısı tərəfindən müəyyən edilmiş siyasətin prioritet istiqamətlərindən biri də məhz təhsil və insan kapitalıdır. Ali təhsilin həm əlçatanlığı və əhatəliyi artırılıb, həm də təhsilin məzmunu təkmilləşdirilib, beynəlxalq rəqabətliliyi gücləndirilib. Bu gün biz ali təhsil müəssisələrimizə təxminən il ərzində 78 min tələbə qəbulu edirik. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində hər il 500-ə yaxın istedadlı gənc bakalavriat, magistratura, doktorantura səviyyəsində xarici nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanır. Bu gün ölkəmizdə beynəlxalq ikili diplom proqramlarını əhatə dairəsi genişləndirilib. Ölkə başçısının müvafiq Sərəncamı ilə bu proqramların əhatə dairəsinin səkkizə çatdırılması nəzərdə tutulub. Hazırda 6 proqram fəaliyyət göstərir. Eyni zamanda, ali təhsildə SABAH proqramı kimi yeni təhsil proqramları tətbiq edilməyə başlanıb".
İdris İsayev qeyd edib ki, 2025-ci ilin göstəricisinə görə 9 ali təhsil müəssisəsi beynəlxalq reytinqlərdə təmsil olunub: “Onların 6-sı top 1000 sırada yerləşib. Təhsil tariximizdə ilk dəfə olaraq Bakı Dövlət Universiteti 688-ci sıra ilə beynəlxalq reytinqdə təmsil olunub. Ümid edirəm ki, ali təhsil müəssisələrimizin bu göstəriciləri növbəti illərdə də daha da yaxşılaşacaq”.
Milli Məclis sədrinin müavini, Bakı Dövlət Universitetinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, akademik Rafael Hüseynov qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycan dövlət müstəqilliyinin ilk bəhrələrindən biri kimi tarixə düşüb: “Bir əsrdən artıq tarixə malik olan Bakı Dövlət Universiteti ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında hər zaman aparıcı rol oynayıb. Azərbaycanı dünyada tanıdan, onu inkişaf etdirən ən böyük qüvvə onun savadlı, vətənpərvər övladlarıdır. Bu övladların böyük bir hissəsi dünən də, bu gün də, sabah da Bakı Dövlət Universitetində yetişəcək”.
Mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, BDU Azərbaycan elminin və təhsilinin flaqmanı hesab olunur. Bu ali təhsil müəssisəsi bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Qədim və zəngin Azərbaycan mədəniyyətini təmsil edən BDU ölkənin elmi və mədəni xəzinəsinə mühüm töhfələr verib. Ulu Öndər Heydər Əliyev Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" adlandırıb.
O bildirib ki, BDU milli sərvətimiz və mühüm mədəni dəyərimizdir: “Bu mədəni dəyərin formalaşdırdığı təhsil ekosistemi və akademik mühit minlərlə gəncin yetişməsinə xidmət edir. Universitet ölkəmizin güclənməsinə, inkişafına və tərəqqisinə töhfə verir, gənclərimiz üçün mühüm həyat məktəbi rolunu oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət elm və təhsil siyasətinin uğurla icrasında Bakı Dövlət Universitetinin böyük xidmətləri var. Bu gün də qeyd olunduğu kimi, universitetin dünya ali təhsil müəssisələri arasında əldə etdiyi yüksək reytinq təsadüfi deyil. Bu nailiyyətlər burada çalışan müəllimlərin, alimlərin, texniki heyətin və tələbələrin zəhməti, əzmkarlığı və fədakarlığı sayəsində qazanılıb.İnanıram ki, Bakı Dövlət Universiteti bundan sonra da dövlətimizi, Azərbaycanımızı və onun dəyərlərini dünyada layiqincə tanıtmağa davam edəcək, dünya elmində, təhsilində və mədəniyyətində ölkəmizin mövqeyinin möhkəmlənməsinə öz davamlı töhfələrini verəcək”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dosenti, BDU məzunu Səbinə Əliyeva ölkəmizin ilk ali təhsil müəssisəsi olan BDU-nun hazırda Azərbaycan elminin, təhsilinin və ictimai fikir tarixinin ən nufuzlu mərkəzlərindən biri olduğunu deyib. O qeyd edib ki, bu ali təhsil ocağı yalnız yüksəkixtisaslı mütəxəssislər yetişdirməklə kifayətlənmir, gənclərdə vətənpərvərlik ruhunu, dövlətçilik təfəkkürünü, qanuna hörmət hissini, insan ləyaqətinə ehtiramını və cəmiyyət qarşısında məsuliyyət duyğusunu formalaşdırır: "BDU-nun məzunu olmaq həm qürur, həm də şərəfdir. Mən həmişə Bakı Dövlət Universitetinin məzunu olmaqla fəxr etmişəm və hər zaman bunu bütün kürsülərdən qürur hissi ilə səsləndirmişəm. Bu ad hər birinizdən yüksək bilik, peşəkarlıq, məsuliyyət və vətəndaş mövqeyi tələb edir. Bu gündən etibarən qarşınızda yeni imkanlar və yeni üfüqlər açılır. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq, BDU-da qazandığınız bilik, bacarıq və dəyərlər gələcək fəaliyyətinizdə sizə etibarlı yol göstərəcək. Müasir dövrdə gənc mütəxəssislərdən yalnız savad və peşəkarlıq gözlənilmir. Onlar həm də ədalətli düşünməli, qanunun aliliyinə hörmət etməli, insan hüquq və azadlıqlarına həssas yanaşmalı, cəmiyyətdə qarşılıqlı hörmət və məsuliyyət mədəniyyətinin möhkəmlənməsinə töhfə verməlidirlər".
Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq isə diqqətə çatdırıb ki, BDU-da 2007-ci ildə "Regionşünaslıq" (Koreya üzrə) ixtisası açılıb. Son iyirmi ildə BDU-dan "Koreya dili" ixtisası üzrə 110-dan çox tələbə məzun olub. 2008-ci ildə Koreya səfirliyi BDU ilə İnformasiya və İKT Mərkəzinin yaradılması istiqamətində əməkşdaşlığa başlayıb. Bu yaxınlarda Koreya hökuməti bu mərkəzə yenidən maliyyə ayırıb və modernizasiya edərək Koreya-Azərbaycan Kompüter Elmləri Mərkəzinə çevirib. “Ümid edirəm ki, BDU bu mərkəzin imkanlarından istifadə edərək tələbələrini İT və kibertəhlükəsizlik sahələri üzrə mütəxəssis kimi yetişdirəcək. Bundan əlavə, ötən ay səfirliyimiz BDU-da "Koreya haqqında viktorina" adlı qlobal Koreya bilik yarışması təşkil edib. Bu yarışmanın qalibi bu ilin sonlarında dünyanın hər yerindən olan nümayəndələrlə finalda yarışmaq üçün Koreyaya səfər edəcək”.
Bakı Dövlət Universitetinin sıx əməkdaşlıq etdiyi İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baran, Mexanika-riyaziyyat fakültəsi Hesablama riyaziyyatı kafedrasının müəllimi Gülsüm Ağayeva, BDU məzunları - magistratura təhsilini Oxford Universitetində davam etdirəcək Nəzrin Sadıqova və Kembric Universitetində təhsillərini davam etdirəcək Həmidə Sadıqova və Nigar Orucova məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.
Qazaxıstanın Satbayev Universitetinin rektoru Meyram Beqentayev, Safi Utebayev adına Atırau Neft və Qaz Universitetinin rektoru Gülzada Şakulikova, Çinin Anhui Universitetinin prezidenti Sun Changyin, Tianjin Universitetinin rektoru Chai Liyuan, Tongji Universitetinin vitse-prezidenti Li Syanning, Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universitetinin rektoru Karim Seghir, İsrailin Ben Qurion Universitetinin prezidenti Daniel Chamovitz, BDU-nun müxtəlif ölkələrdə təhsillərini davam etdirən məzunları videomüraciətlərində Universitetin Azərbaycanın ictimai-siyasi həyatında önəmini qeyd edib, məzunlara təbriklərini çatdırıblar.
Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzuna sertifikat və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi, tədbirin tərəfdaşları “Coca-Cola”, "Berqa” , "AVRORA", "ICELAND dondurmaları", "EURO" ACS, "OBA" marketlər şəbəkəsi, "O to go", "Trend",
"Az POMİX", "OLİVİA", “G-SHOCK Casio”, "Ülker", "Kreki" şirkətləri tərəfindən hədiyyələr təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
21:30 12.06.2026
Oxunuş sayı: 78