Rusiyanın Paşinyanın qalib gəlməsinə reaksiyası gecikmədi: Təzyiqlərin əsas məqsədi məlum oldu
Rusiya ilə Ermənistan arasında münasibətlər son aylar müxtəlif siyasi və iqtisadi gərginliklərlə müşayiət olunur. Xüsusilə İrəvanın xarici siyasətdə daha müstəqil kurs nümayiş etdirməsi, Qərblə əlaqələrini genişləndirməsi və regional məsələlərdə Moskvanın mövqeyindən fərqli addımlar atması iki ölkə arasında fikir ayrılıqlarını daha da görünən edib. Belə bir şəraitdə Rusiyanın Ermənistandan gətirilən bəzi məhsulların idxalına və tranzitinə məhdudiyyət tətbiq etməsi bu qərarın təkcə texniki və fitosanitar məsələlərlə bağlı olub-olmaması barədə suallar doğurur. Maraqlıdır, Ermənistanda keçirilən son seçkilərdən sonra da davam edən bu məhdudiyyətlər Moskvanın İrəvana hansı mesajı vermək istədiyini göstərir və Rusiya regiondakı təsir imkanlarını hansı vasitələrlə qorumağa çalışır?
Mövzu ilə bağlı politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlama verib:

“Rusiyanın Ermənistandan gətirilən məhsullara məhdudiyyət qoyması sırf texniki qərar kimi təqdim olunsa da, əslində bu addımın siyasi konteksti daha güclüdür. Bu, Moskvanın seçkilərdən sonra da İrəvana qarşı təzyiq mexanizmlərini davam etdirdiyini göstərir. Fikrimcə, burada Rusiya ənənəvi olaraq ticarət və idxal məhdudiyyətlərini siyasi mesaj vermək üçün istifadə edir. Bu, baş nazir Nikol Paşinyanın Qərbə yaxınlaşmasına cavab olaraq iqtisadi rıçaqların işə salınmasıdır. Digər aspekdən Moskva Paşinyanın qələbəsini qəbul etsə də, onu zəiflətmək üçün ardıcıl sanksiyalarla daxili sabitliyi sarsıtmağa çalışır. Bu addım həm də Qərbə yönəlmiş mesajdır, Rusiya bölgədə təsirini itirməyə razı deyil və iqtisadi-siyasi təzyiq vasitələrindən istifadə etməyə hazırdır. Rəsmi Moskva Ermənistanı Qərblə tam inteqrasiyadan çəkindirmək, Paşinyanın mövqelərini zəiflətmək və öz təsirini qorumaq üçün hibrid siyasət yürüdür. Bu siyasət birbaşa hərbi müdaxilə deyil, iqtisadi sanksiyalar, informasiya kampaniyaları və daxili siyasi təzyiq kombinasiyası ilə həyata keçirilir”.
Ayhan
16:58 12.06.2026
Oxunuş sayı: 66