Doktorantların ingilis dili imtahanında qeyri-müəyyənlik: “Ortada norma və vəsait yoxdur”

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən doktorant və dissertantlarla bağlı ingilis dili üzrə namizədlik minimumu imtahanında sualların çətinliyi, yaranan qeyri-müəyyənlik narazılıqlara səbəb olub. Məsələnin daha da aktuallaşmasına səbəb bu imtahanda iştirak edən namizədlərin lazımi məlumat və metodiki baza olmadan imtahana daxil olmasıdır.
Mövzu ilə bağlı fikirlərini bölüşən Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru Pərviz Kazımi bildirib ki, Azərbaycanda bakalavr və magistratura səviyyələrində ingilis dili üzrə hansı bilik səviyyəsinin tələb olunduğu qanunvericiliklə müəyyənləşdirilib. Lakin doktorantura mərhələsində bu tələblər sistemli şəkildə açıqlanmayıb.
Kazıminin sözlərinə görə, namizədlik minimumu imtahanına hazırlaşan şəxslər üçün konkret normativlər və həmin normalara uyğun metodik vəsaitlər mövcud deyil: “Bu gün doktorantlar və dissertantlar bilmirlər ki, onlardan hansı səviyyədə – beginner, elementary, yoxsa upper-intermediate – bilik tələb olunur. Əgər tələb olunan norma müəyyənləşdirilərsə, ona uyğun suallar, cavab nümunələri və metodik materiallar hazırlanmalıdır. Lakin ortada belə bir vəsait yoxdur”.
O qeyd edib ki, bu sahəyə məsuliyyət daşıyan qurum Elm və Təhsil Nazirliyi deyil, Ali Attestasiya Komissiyasıdır: “Konkret olaraq müəyyən edilməlidir ki, doktorantlar namizədlik minimumunu hansı səviyyədə bilməlidirlər. Bu göstəricilər kitabça şəklində çap olunmalı, yaxud rəsmi sayt vasitəsilə yayımlanmalıdır. Yoxsa, bu cür imtahanlar ‘göydən düşmə’ kimi qalacaq”.
P.Kazımi sonda əlavə edib ki, doktorantura səviyyəsinə gəlmiş şəxslər artıq müəyyən intellektual hazırlıqdan keçmiş adamlardır və onlara sadəcə istiqamətlənmiş normativ baza lazımdır: “Əgər həmin materiallar mövcud olarsa, onlar imtahana hazırlaşmaqda heç bir çətinlik çəkməzlər. Ən böyük problem odur ki, bu gün bu baza yoxdur”.
Zəhra Ağayeva
14:00 23.06.2025
Oxunuş sayı: 1268