Kənd təsərrüfatı naziri “Üfüq” proqramının əhəmiyyətindən danışdı

“Üfüq” proqramı yeni bir baxış bucağı, yeni imkanlar və yeni zirvələr deməkdir.
Crossmedia.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Yüksəliş” İctimai Birliyi ilə imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı bu istiqamətdə mühüm təşəbbüslərdən biridir: “Üfüq” proqramı nazirlik sistemində fəaliyyət göstərən, intellektual və idarəçilik potensialı ilə seçilən əməkdaşlarımızın aşkar olunması, onların inkişaf etdirilməsi və kadr ehtiyatının formalaşdırılması məqsədi daşıyır. Bu proqram bizim üçün sadəcə bir layihə deyil, eyni zamanda aqrar sahədə yeni kadr siyasətinin başlanğıcıdır.
İlk dəfə keçirilən müsabiqədə 2 771 nəfər əməkdaşımız qeydiyyatdan keçmiş, aktiv şəkildə müvafiq mərhələlərdə iştirak edib. Müsabiqənin bütün mərəhələləri-qeydiyyatdan finala kimi tam şəffaf, yüksək peşəkarlıq, obyektivlik prinsipləri əsasında təşkil edilmiş, yekun final mərhələsində isə 205 nəfər əməkdaşımız iştirak hüququ qazanıb".
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı prioritet istiqamət olaraq müəyyən edilib: "Son illərdə aqrar sahədə aparılan ardıcıl və sistemli islahatlar, müasir texnologiyaların geniş tətbiqi, infrastrukturun yenilənməsi və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafına əhəmiyyətli töhfə verir".
M.Məmmədov deyib ki, nailiyyətlər həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də regionların sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət kəsb edir: "Prezidentin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğı fəaliyyətimizin daha da məqsədyönlü və sistemli şəkildə təşkilini zəruri edir. Aqrar siyasətin uğurla icrası təkcə infrastruktur və texnologiya ilə deyil, aqrar sahədə çalışan peşəkar, savadlı və məsuliyyətli insan resursları ilə birbaşa bağlıdır. Məhz bu səbəbdən, kənd təsərrüfatı sistemində insan kapitalının inkişafı, o cümlədən bacarıqlı, idarəetmə potensialı yüksək olan kadrların müəyyən edilməsi və dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir".
09:41 22.06.2025
Oxunuş sayı: 682