Qalib İbrahimoğlu: Dezinformasiyaya qarşı ən güclü silahımızı işlətməliyik
Son günlər Azərbaycana qarşı sosial şəbəkələrdə, xüsusilə “Telegram” və “TikTok” platformalarında koordinasiyalı informasiya kampaniyalarının intensivləşdiyi bildirilir. Eyni məzmunlu paylaşımlar, təkrarlanan şərhlər, anonim hesablar və ölkə ilə əlaqəsi olmayan foto-video materialların montaj edilərək yayılması bu kampaniyaların əsas əlamətləri kimi göstərilir. Media və Yayım Şurasının açıqlamasına görə, qısa müddətdə Azərbaycan dilində yaradılmış bir həştəq altında 400-dən çox paylaşımın edilməsi də mümkün koordinasiyanın göstəricisidir. Şura bu cür fəaliyyətləri ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə cəhdi kimi qiymətləndirərək vətəndaşları və media subyektlərini dezinformasiyaya qarşı diqqətli olmağa çağırıb.
Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, dezinformasiyaya qarşı mübarizədə həqiqətə əsaslanan məlumatların cəmiyyətə vaxtında çatdırılması əsas şərtlərdəndir: “Azərbaycana qarşı koordinasiyalı informasiya hücumlarına qarşı mübarizənin əsas yolu peşəkar, operativ və etibarlı media mühitinin formalaşdırılmasıdır. Dezinformasiyaya qarşı ən güclü silah həqiqətdir və media bu həqiqəti cəmiyyətə vaxtında çatdırmağı bacarmalıdır. Bunun üçün şübhəli məlumatlar dərhal rəsmi mənbələrdən yoxlanılmalı, həqiqətə uyğun olmayan iddialara faktlarla cavab verilməlidir”.

Qalib İbrahimoğlu xüsusilə sosial şəbəkələrdə yayılan məlumatların mənbəyinin və mümkün manipulyasiya üsullarının araşdırılmasının vacibliyini vurğulayıb: “Xüsusilə Telegram və TikTok kimi platformalarda yayılan məlumatların mənbəyi, məqsədi və mümkün manipulyasiya üsulları araşdırılmalıdır. Eyni zamanda, jurnalistlər informasiya müharibəsinin metodları, rəqəmsal təhlükəsizlik və faktların yoxlanılması istiqamətində mütəmadi təlimlərə cəlb edilməlidirlər”.
Baş redaktor dövlət qurumları ilə media arasında operativ məlumat mübadiləsinin informasiya hücumlarına qarşı mübarizədə mühüm rol oynadığını qeyd edib: “Burada dövlət qurumları ilə media arasında operativ məlumat mübadiləsi də mühüm rol oynayır. Lakin mübarizə apararkən tənqidi fikirlə qəsdən yayılan dezinformasiyanı bir-birindən fərqləndirmək vacibdir. Çünki medianın əsas vəzifəsi yalnız yanlış məlumatı təkzib etmək deyil, həm də cəmiyyətdə sağlam informasiya mühiti və etimad yaratmaqdır”.
Nigar Xəlilli
19:15 14.10.2026
Oxunuş sayı: 56