Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları Naxçıvana səfər ediblər










Ukraynada yerləşən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin direktoru Valentina Antonenko, liseyin bir qrup şagirdi və Bakıda yerləşən akademik Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.
Qonaqlar səfər çərçivəsində Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına tam orta məktəbə də baş çəkiblər. Məktəbdə alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət edəndən sonra siniflərdə tədris prosesini izləyiblər.
Valentina Antonenko məktəbin müəllim kollektivi ilə görüşdə bildirib ki, rəhbərlik etdiyi məktəb 20 ilə yaxındır akademik Zərifə Əliyevanın adını daşıyır. Liseydə alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də Zərifə xanımın adını daşıyır.
Vurğulanıb ki, məktəbdə 2500 şagird təhsil alır. Bir neçə ildir ki, liseydə Azərbaycan dilində də dərs keçirilməsinə başlanılıb.
Valentina Antonenko qeyd edib ki, İrpendə fəaliyyət göstərən lisey ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindəndir. Hərbi əməliyyat zamanı zərər çəkmiş bu təhsil müəssisəsi Azərbaycan Prezidentinin tapşırığı ilə "SOCAR Enerjy Ukrain" tərəfindən qısa zamanda bərpa olunub.
Qonaq Bakı şəhəri akademik Zərifə Əliyeva adına Liseylə də sıx əməkdaşlığın olduğunu diqqətə çatdırıb.
Sonda Ukraynanın İrpen şəhərində yerləşən Zərifə Əliyeva adına Humanitar Xarici Dillər Liseyindən bəhs edən videoçarx nümayiş etdirilib.
Qonaqlar Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Dövlət Universitetinin nəzdində ingilis dili təmayüllü gimnaziya ilə də tanış olublar. (azərtac)
12:05 06.06.2025
Oxunuş sayı: 947