BDU tələbələri “Pillə-3” Tələbə Tamaşaları Festivalının qalibi oldular




Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrinin iştirakı ilə səhnələşdirilən “Ezop” tamaşası “Pillə-3” Tələbə Tamaşaları Festivalında qalib olub.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Vahid Orucoğludur. Tamaşada rolları Universitetin tələbələri — Hüseyn Cabbarlı, Fidan Sultanova, Ramazan Ramazanzadə, Nuran Atakişiyev, Rəna Əsədova və Murad Qəmbərov ifa ediblər.
“Ezop” tamaşası dünya ədəbiyyatının klassik simalarından biri olan Ezopun həyatına və onun məşhur fəlsəfi hekayələrinə əsaslanaraq səhnəyə qoyulub. Qədim yunan təmsil ustası Ezopun (e.ə. VI əsr) qısa, lakin dərin mənalı hekayələri əsrlər boyu insanlara həyat dərsi verib.
Əsərlərində heyvan obrazlarından istifadə etməklə insan xarakterini, cəmiyyətin zəif və güclü tərəflərini ustalıqla tənqid edən Ezopun “Tülkü və Üzüm”, “Qurd və Quzu”, “Qarğa və Küp” kimi məşhur hekayələri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Ayan Sədi
17:15 02.06.2025
Oxunuş sayı: 1579