Azərbaycanın Suverenlik yolu və strateji qardaşlıq platforması

XXI əsrin ikinci onilliyindən etibarən Azərbaycan dövləti öz müstəqil xarici siyasət xəttini ardıcıl, qətiyyətli və balanslı şəkildə həyata keçirməklə həm regionda, həm də beynəlxalq miqyasda nüfuzlu bir aktora çevrilmişdir. Bu strateji kursun ən parlaq nəticəsi isə 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə və 2023-cü ildə ölkə ərazisində suverenliyin tam şəkildə bərpa olunması oldu. Azərbaycan bu uğurlarla təkcə ərazi bütövlüyünü deyil, həm də milli kimliyini, siyasi iradəsini və dövlətçilik suverenliyini təsdiqlədi.
Hazırda Azərbaycan regionda sabitliyin, əməkdaşlığın və inkişafın əsas təminatçılarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatik fəaliyyət nəticəsində ölkəmiz dünya siyasətində özünəməxsus yer tutaraq, beynəlxalq hüququn prinsip və normalarına əsaslanan ədalətli mövqeyi ilə seçilir. Azərbaycanın sərgilədiyi prinsipiallıq və ardıcıl mövqe, xüsusilə də postmünaqişə dövründə göstərdiyi konstruktiv yanaşma, bir çox dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etmişdir.
Bu uğurlar, şübhəsiz ki, Azərbaycanın təkcə daxili imkanları ilə deyil, həm də güclü və sınaqdan çıxmış tərəfdaşlarla qurduğu strateji münasibətlər sayəsində mümkün olmuşdur. Müstəqilliyin ilk günlərindən Azərbaycanın yanında olan Türkiyə və Pakistan bu gün də regional və beynəlxalq müstəvidə ölkəmizin ən yaxın müttəfiqləri olaraq çıxış edirlər. Bu qardaş dövlətlərin liderləri – Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Şahbaz Şərif – Azərbaycanın hərbi-siyasi mövqeyini dəstəkləməklə yanaşı, sarsılmaz dostluq və qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində mühüm addımlar atırlar.
Bu gün Laçında baş tutan Azərbaycan–Türkiyə–Pakistan liderlərinin görüşü regionun geosiyasi mənzərəsində yeni bir mərhələnin başlanğıcını qoydu. Uzun illər işğal altında qalan, lakin artıq suveren Azərbaycan torpağı kimi dirçələn Laçın, bu tarixi görüşə ev sahibliyi etməklə sadəcə bir diplomatik tədbir məkanı deyil, eyni zamanda türk həmrəyliyinin və strateji ittifaqın canlı simvoluna çevrildi.
Laçın Beynəlxalq Hava Limanının açılışı zamanı Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi və öz əlində saxladığı “cüt açar” simvolu bir tərəfdən Azərbaycanın müstəqil dövlət olaraq qapılarını dost və qardaş Türkiyəyə daim açıq saxladığını, digər tərəfdən isə bu qardaşlığın açarının hər iki liderin əlində olduğunu nümayiş etdirdi. Bu, yalnız rəmzi jest deyildi – bu, dünyaya ünvanlanan aydın və qəti bir mesaj idi: Azərbaycan–Türkiyə birliyi sarsılmazdır, qarşısında duran istənilən siyasi-iqtisadi təzyiq və maneəni birgə dəf etməyə qadirdir.
Pakistanın Baş naziri Şahbaz Şərifin bu mühüm tədbirdə iştirakı isə üçtərəfli qardaşlığın və həmrəyliyin daha bir təzahürü oldu. Pakistan, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin hər mərhələsində qardaş dəstəyini əsirgəməmiş, daim xalqımızın yanında olmuşdur. Laçından verilən birlik mesajı bir daha göstərdi ki, bu üç dövlətin münasibətləri yalnız diplomatik protokollarla məhdudlaşmır; bu münasibətlər ortaq tarix, ortaq dəyərlər, ortaq gələcək və ortaq mədəniyyət baxışları üzərində qurulub.
Laçında qurulan üçtərəfli masa, əslində, regional sabitliyin, təhlükəsizliyin və inkişafın təməlini qoyan bir siyasi platformadır. Bu format təkcə dostluq jesti deyil, həm də bölgədə yeni güc mərkəzinin formalaşdığını göstərən strateji təşəbbüsdür. Müasir dövrdə baş verən geosiyasi silkələnmələr fonunda belə bir birliyin mövcudluğu sülhə, əməkdaşlığa və sabitliyə verilmiş ən ciddi töhfələrdən biridir.
Laçından dünyaya yayılan bu birlik mesajı təkcə bugünün deyil, gələcəyin mesajıdır. Bu birlik gücümüzdür. Və bu güc regiona sabitlik, xalqlara rifah, düşmənlərə isə aydın xəbərdarlıqdır: biz bir yerdəyik – tarixdə, bu gün və gələcəkdə!
Ayhan Ağarzayev
14:45 28.05.2025
Oxunuş sayı: 1346