Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib




Haaqada Niderlandın sosial həyatında mühüm yeri olan nüfuzlu “Sosiëteit De Witte” klubunun mədəniyyətlərarası dəyirmi masası çərçivəsində “Mədəniyyətlər arasında körpü: Azərbaycan” adlı təqdimat təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə “Azərbaycanın multikulturalizm modeli” mövzusunda çıxış edərək ölkəmizdə multikulturalizmin tarixi kökləri, hazırda multikultural və tolerant mühit, dini və etnik müxtəlifliyin qorunması istiqamətində dövlət siyasəti, bu dəyərlərin beynəlxalq səviyyədə təşviqi istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Diplomat ölkəmizdə heç zaman etnik və dini zəmində qarşıdurmanın olmadığını bildirib. Qeyd edib ki, erməni tərəfi keçmiş Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası qarşıdurma kimi təqdim edərək, Qərb ictimai fikrində yanlış qavrayışlar formalaşdırmağa cəhd edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalçaçılıq sənətinin zənginliyindən və onun dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb. O, həmçinin xalçaçılığın milli mədəniyyətimizin mühüm tərkib hissəsi olduğunu qeyd edərək, gənc nəslin bu sahəyə marağının artırılması istiqamətində görülən tədbirlərdən söz açıb. E.Məmmədov mayın 15-dən iyunun 20-dək Haaqa şəhər meriyasında nümayiş olunan “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” adlı xalça sərgisi barədə məlumat verib. O, xatirə olaraq klubun mədəniyyətlərarası dəyirmi masasının rəhbəri Mauro Boeroya Azərbaycanın xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabını təqdim edib.
Tədbir çərçivəsində iştirakçılar üçün Azərbaycan xalça toxuma texnikasına dair məlumatlar, eləcə də ustad dərsləri təşkil olunub. İştirakçılar ənənəvi düyün texnikası ilə tanış olaraq, xalça naxışlarının toxunması prosesini praktiki şəkildə sınaqdan keçiriblər.
11:00 24.05.2025
Oxunuş sayı: 675