Qlobal istiləşmə yeni səssiz təhlükə yaradır: ölümcül göbələk şimala yayıla bilər

İngiltərənin şimal-qərb bölgəsində yerləşən Mançester Universitetinin alimləri xəbərdarlıq edir ki, Aspergillus fumigatus cinsinə aid ölümcül göbələk infeksiyaları isti bölgələrdən Avropa və Asiya ölkələrinə doğru yayıla bilər. Yeni araşdırmaya görə, bu növ göbələklər insanlarda ağır tənəffüs problemlərinə, xüsusilə xroniki ağciyər xəstəliyi və zəif immuniteti olan şəxslərdə kritik vəziyyətə gətirib çıxara bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
Tədqiqatçılar proqnozlaşdırırlar ki, qlobal istiləşmə və istixana qazı emissiyalarının artması ilə bu göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz genişlənə bilər. Hesablamalara görə, yalnız Avropa qitəsində təxminən doqquz milyon insanın sağlamlığı bu dəyişiklikdən mənfi təsirlənə bilər. Alimlər, qalıq yanacaq istifadəsi və istixana qazı emissiyalarının azaldılmasının yayılmanı yavaşlatmaq üçün vacib olduğunu vurğulayırlar.
Mançester Universitetindən Norman van Rhijn bildirir ki, Aspergillus fumigatus infeksiyalarının müalicəsi “son dərəcə çətin”dir və lazım olan ehtiyat tədbirlərin dərhal görülməsinə çağırır. O, hökumətləri və səhiyyə sistemlərini epidemiyaya qarşı monitorinqi gücləndirməyə və risk qrupundakı şəxslər üçün preventiv skrininqləri artırmağa təşviq edir.
Hadisənin əhəmiyyətini nəzərə alaraq, tənəffüs xəstəlikləri və immunitet zəifliyi olan şəxslər xüsusilə isti iqlim zonalarına səyahət edərkən həkimlə məsləhətləşməli, qoruyucu maska və digər gigiyenik tədbirləri unutmamalıdırlar.
Nigar Rəhimova
14:23 07.05.2025
Oxunuş sayı: 775