Rusiya - Ukrayna müharibəsində "kartlar paylanır"- Zelenski nə vaxt "masaya dəvət olunacaq?"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci kanala” müsahibəsində bildirib ki, Kiyev Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda bu və ya digər şəkildə iştirak edəcək, lakin Moskva ilə Vaşinqton arasında ikitərəfli dialoq da olacaq.
“Bu və ya digər şəkildə, əlbəttə ki, Ukrayna danışıqlarda iştirak edəcək. Bu dialoqun ikitərəfli Rusiya-Amerika treki də olacaq və bu, Ukraynanın iştirakı ilə bağlı olacaq”, - deyə o, Ukraynanın danışıqların tamhüquqlu iştirakçısı hesab edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə dəfələrlə bildirib ki, ölkəsi müzakirə prosesində iştirak etməsə danışıqlar olmayacaq. Aydın məsələdir ki, Kiyev danışıqlardan kənarda qalmaq istəmir. Moskva isə, əksinə, Vaşinqtonun "damarını tutaraq" məsələni ikitərəfli konteksdə həll etmək niyyətindədir. Bu, əlbəttə, Ukraynanın taleyi üçün təhlükələri artırır.
Mümkün danışıqlar barədə Crossmedia.az-a danışan siyasi şərhçi Kənan Novruzov Ukrayna hansısa mərhələdə danışıqlarda iştirak edəcək: "Lakin ilkin mərhələdə ABŞ və Rusiyanın məsələləri öz aralarında müzakirə edəcəyi gözləniləndir. Ola bilsin, deməkdir ki, belə bir razılıq ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı əldə olunub. Yaxud da bu danışıqların məzmunundan, mahiyyətindən çıxış edərək, artıq ABŞ və Rusiyanın ilkin razılığa gələcəyini proqnozlaşdırmaq olar. Sonra isə Ukrayna ilə müzakirələr aparılacaq".
Analitik bildirib ki, Ukrayna olmadan danışıqların baş tutması mümkün deyil: "Əsas məsələ Kiyevin hansı mərhələdən sonra danışıqlarda iştirak edəcəyidir: başdan bəri, yoxsa "kartlar paylanılandan" sonra? Peskovun açıqlamasından belə məlum olur ki, onlar ikincini istəyirlər.
Bunu Kiyev də başa düşür. Ona görə də V.Zelenski narahatdır. Bir müddət sonra əgər belə davam edərsə, Ukrayna və ABŞ arasında narazılığın artacağı gözlənilir. Bəlkə də, Zelenski və onun komandası açıq şəkildə ABŞ-ni tənqid etməz. Amma artıq yavaş-yavaş Ukraynanın ABŞ-dən uzaqlaşıb, Avropa İttifaqına (Aİ) yaxınlaşmağa başlaması mümkündür. Prespektivdə Ukrayna ilə Aİ arasında münasibətlər daha da güclənə bilər.
Bir çox məsələ ABŞ və Rusiyanın bir-birini anlamasından, Rusiyanin ABŞ-nin tələblərini necə yerinə yetirməsindən asılı olacaq. Əgər Rusiya Yaxın Şərq və İran məsələsi ilə bağlı ABŞ-nin maraqlarına cavab verən addımlar atsa, onda ABŞ Prezidenti Donald Tramp da Rusiya-Ukrayna müharibəsi ilə bağlı Kremlin maraqlarına cavab verən addımlar atacaq . Beləliklə, müharibənin qismən Rusiyanın maraqlarına uyğun formada başa çatmasına çalışacaq. Bir növ ticarət olacaq. Əgər V.Putin Yaxın Şərq və İranla bağlı Trampın maraqlarını təmin etməsə onda Tramp Ukrayna kartından istifadə edərək Rusiyaya təzyiqləri artıracaq".
K.Novruzov Yaxın Şərq və İran məsələsinə də yer verib:
"Yaxın Şərq və İran məsələsinə gəldikdə, Donald Trampın istədiyi odur ki, Rusiya İranla əlaqələri zəiflətsin. Bu, prespektiv ABŞ üçün vacibdir. Həmçinin, ABŞ istəyir ki, Rusiya Yaxın Şərqə müdaxilə etməsin.
Əgər Moskva buna uyğun davransa, Tramp da Rusiya-Ukrayna müharibəsində birincinin maraqlarınım təmin olmasına çalışacaq".
Fatimə Məmmədova
23:50 13.02.2025
Oxunuş sayı: 6090