Zelenskinin prezidentlik müddəti bitib – Putin onunla danışıqlar aparmaq istəmir

Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukrayna üzrə danışıqlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, danışıqlar prosesində Rusiyanın milli maraqları qorunmalı və heç bir tərəfin təhlükəsizliyi zərər görməməlidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirir ki, bu, Lavrovun ilk belə bəyanatı deyil və daha çox informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilməlidir.
"Rusiya müharibə başlamazdan əvvəl də, müharibə başladıqdan sonra da dəfələrlə bəyan edib ki, danışıqlara hazırdır. Lakin bu cür bəyanatlar daha çox həm daxili, həm də xarici auditoriyaya ünvanlanaraq, Rusiyanın guya sülhpərvər olduğunu nümayiş etdirmək məqsədi güdür", – deyə politoloq qeyd edib.
S.Zahidovun sözlərinə görə, real vəziyyət isə tamamilə fərqlidir: "Cəbhədə döyüşlər intensiv şəkildə davam edir. Xüsusilə Kursk vilayəti istiqamətində bir neçə mövqedə Ukrayna qüvvələri yerləşib. Donbasda isə ruslar Patrovsk istiqamətinə yaxınlaşırlar. Lakin Rusiyanın irəli sürdüyü şərtlər Ukrayna üçün, Ukraynanın tələbləri isə Rusiya üçün məqbul deyil. Yəni, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları var. Hətta danışıqlar baş tutsaydı belə, onların real nəticə verəcəyinə inanmaq çətindir".
Bundan əlavə, Sultan Zahidov ABŞ-də baş verən siyasi proseslərin də danışıqlara təsir edə biləcəyini bildirir: "Bir neçə gün əvvəl Donald Tramp bildirmişdi ki, Vladimir Putinlə telefon danışığı aparıb, lakin danışığın detalları açıqlanmayıb. Sonrakı çıxışlarında isə Tramp əlavə edib ki, danışıqlar baş tuta da bilər, baş tutmaya da bilər. Hətta Ukraynanın gələcəkdə Rusiyanın nəzarətinə keçə biləcəyi ehtimalını da istisna etməyib. Bu isə vəziyyətin kifayət qədər mürəkkəb olduğunu göstərir".
Politoloq vurğulayır ki, Vladimir Putin açıq şəkildə Volodimir Zelenski ilə danışıqlar aparmayacağını bəyan edib, çünki onu qanuni prezident hesab etmir: "2024-cü ildə Zelenskinin prezidentlik müddəti başa çatsa da, Ukraynada müharibə şəraiti olduğuna görə seçkilər keçirilməyib. Lakin Putin bunu qəbul etmir və bəyan edir ki, müəyyən şərtləri var. Bu şərtlərə əsasən, Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq, ölkənin hərbi kontingenti azaldılacaq və Rusiya tərəfindən işğal olunmuş beş ərazi – Donetsk, Luqansk, Zaporojye, Xerson və Krım – rəsmi olaraq Rusiya ərazisi kimi tanınacaq".
Ekspert hesab edir ki, Ukraynanın bu şərtləri qəbul etməsi faktiki kapitulyasiya demək olardı və buna görə də hazırkı vəziyyətdə hətta atəşkəs razılaşmasının imzalanması belə çətin görünür.
"Rusiyanın mövqeyi ondan ibarətdir ki, onlar atəşkəs istəmirlər. Çünki hazırda hərbi meydanda üstünlük qazandıqlarını düşünürlər. Moskva hesab edir ki, atəşkəs Ukraynaya imkan verəcək ki, müdafiə xəttlərini gücləndirsin və gələcəkdə yenidən hücuma keçsin. Buna görə də Rusiya yalnız uzunmüddətli sülh sazişi tələb edir", – S.Zahidov bildirib.
Sonda o, vurğulayıb ki, diplomatik həllin tapılması real görünmür: "Ən effektiv vasitəçi ABŞ hesab edilir, çünki həm siyasi, həm də hərbi baxımdan münaqişəyə ən çox təsir edən gücdür. Donald Tramp və onun Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bəyanatlarında da bu məsələ əksini tapır".
Nəticə etibarilə, Sultan Zahidov hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin əsas səbəblərinin aradan qaldırılması mümkün deyil: "Hazırda yeganə həll yolu total müharibə vasitəsilə tərəflərdən birinin digərinə qələbə qazanmasıdır. Lakin bu ssenari də böyük risklər yaradır – çünki belə bir vəziyyət üçüncü dünya müharibəsinə və bəşəriyyətin ciddi təhlükə ilə üz-üzə qalmasına səbəb ola bilər".
Nihat Tahirov
14:39 12.02.2025
Oxunuş sayı: 4216