Universitetlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi müzakirə edilir – Nazir açıqladı

Təhsil naziri Emin Əmrullayev Bakıda fəaliyyət göstərən bəzi universitetlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, bu, hələ konseptual müzakirə mərhələsində olan məsələdir və dərin təhlillər aparılmaqdadır.
“Bu, kifayət qədər əhəmiyyətli məsələdir və müzakirəyə ehtiyac var. Biz də aidiyyəti qurumlarla və həmkarlarımızla birlikdə bu istiqamətdə işləyirik. Hazırda müəyyən hesablamalar aparılır”, – deyə nazir qeyd edib.
E.Əmrullayev bildirib ki, Bakının mərkəzində yerləşən universitetlərdə təxminən 15-20 min tələbə təhsil alır, üstəlik, müəllim heyəti də mövcuddur. Bu, bir neçə hektar ərazini əhatə edir və sadə bir köçürülmə prosesi kimi qiymətləndirilə bilməz.
“Təhsilin keyfiyyətini artırmaq və alimlər üçün daha əlverişli tədqiqat mühiti yaratmaq əsas hədəflərimizdən biridir. Qarabağ Universitetinin açılması və Xankəndidə fəaliyyət göstərməsi bu baxımdan yaxşı nümunədir. Orada çalışan müəllimlərdən aldığımız müsbət rəylər göstərir ki, onlar rahat şəkildə tədqiqatla məşğul ola bilirlər”, – deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, məsələ hazırda layihə və ilkin təkliflər səviyyəsindədir. Lakin universitetlərin konkret olaraq köçürülməsi ilə bağlı yekun qərar verilmədiyini bildirib.
Nihat Tahirov
16:28 06.02.2025
Oxunuş sayı: 4923