Ermənistan anladı: Minsk Qrupu ləğv olunmalıdır

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu günlərdə deyib ki, ölkəsi Minsk Qrupunun ləğvi ilə ATƏT-ə müraciət etmək niyyətindədir.
N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib.Onun bu iki məsələni əlaqələndirməsi göstərir ki, İrəvan Minsk Qrupu ləğv olunmadan sülh sazişinin imzalanmayacağını anlayır.
Belə ki, rəsmi Bakının sülh sazişi ilə bağlı iki şərtindən biri məhz Minsk Qrupunun ləğvidir.
Ümumiyyətlə, adı çəkilən qurum hazırda işlək olmayan ev əşyasını xatırladır. Çünki səmərəsizdir. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ovaxtkı münaqişənin həlli istiqamətində heç bir ciddi işlə məşğul olmayan, ylnız turistik səfərlərlə məşğul olan Minsk Qrupu artıq tarix olub.
Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə bu məsələni gündəmə gətirərək Minsk Qrupunun ləğvini tələb edib. Məsələyə bu konteksdən yanaşsaq bildirməliyik ki, N.Baqdasaryanın açıqlaması mövqeləri yaxınlaşdıra bilər.
Bu barədə Crossmedia.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, qeyd edib ki, Ermənistan, sülh sazişinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasına dəyişiklik etməli və Minsk Qrupunun ləğvi ilə bağlı mövqe ortaya qoymalıdır.
Y.Bağırzadənin sözlərinə görə, Ermənistanın Minsk Qrupunun ləğv edilməsi ilə bağlı tələbi artıq bu formatın varlığının mənasının olmadığını göstərir:
"ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələ konsensusla həll edildiyinə görə formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyildi. Onsuz da Minsk Qrupu uzun müddətdir ki, fəaliyyətsizdir və yalnız formal olaraq mövcuddur. İndiki mərhələdə Ermənistan tərəfindən Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınırsa və Qarabağ problemi yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın varlığının da mənası qalmır.
Azərbaycanın tərəfinin bu yanaşması kifayət qədər haqlı və əsaslandırılmış tələbdir. Ermənistan ilk mərhələdə hər vəchlə bu formatın qalmasına çalışsa da, sonda Azərbaycanın tələbini qəbul etmək məcburiyyətində qaldı".
Politoloq bu addımın Azərbaycan-Ermənistan münasibətinə müsbət təsir göstərəcəyini qeyd edib: “Şübhəsiz ki, bu addım Azərbaycan-Ermənistan münasibətlərinə və ümumiyyətlə sülh sazişinin imzalanmasına da müsbət mənada təsir göstərəcək. Belə ki, irəli sürülən iki şərtdən birinin qəbul olunması, ikinci şərtlə bağlı müzakirələri də intensivləşdirəcək. Bu, həm də ikitərəfli formatda danışıqların effektini də artıracaq. Əgər Ermənistan bundan sonrakı fəaliyyətində də reallıqları qəbul edərək Azərbaycanın şərtlərinin qəbul olunamsı istiqamətində addımlar atacaqsa o zaman sülh sazişinin imzalanması da mümkün olacaq. Əks təqdirdə itirən yenə də Ermənistan olacaq".
Aysel Ağakərimova
12:32 14.01.2025
Oxunuş sayı: 11812