Gürcüstan Rusiyanın Abxaziya və Cənubi Osetiyanı ələ keçirmək planını açıqlayıb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Rusiyanın Abxaziya və Cənubi Osetiyanı ilhaq etməyə hazırlaşdığını bildirib. Qurum bu ərazilərin Rusiya tərəfindən işğalını ölkənin milli təhlükəsizliyinə əsas təhdid kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Insider” nəşri məlumat yayıb.
Qurumun hesabatına görə, Moskva işğal altındakı regionları tədricən özünün inzibati, iqtisadi və hüquqi sisteminə inteqrasiya edir, Rusiya pasportlarının verilməsini asanlaşdırır və yerli əhalini mümkün ilhaqa hazırlamaq məqsədilə təbliğat kampaniyası aparır.
Məlumata görə, 2025-ci ildə Rusiya Cənubi Osetiyanın büdcəsinin təxminən 80 faizini, Abxaziyanın büdcəsinin isə 38 faizini maliyyələşdirib. Eyni zamanda, işğal xətti boyunca hasarların və digər istehkamların inşası halları 26 faiz artıb.
Bununla yanaşı, Moskva Abxaziyanın Oçamçira limanında hərbi-dəniz bazasının tikintisini davam etdirir və Rusiyaya birləşmənin əleyhinə çıxan şəxslərə təzyiqləri artırır.
Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb və həmin ərazilərdə hərbi bazalarını yerləşdirib. Bu ərazilər Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini təşkil edir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bütün bunlar Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının siyasəti fonunda baş verir. Belə ki, partiya Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Moskvaya qarşı Qərbin tətbiq etdiyi sanksiyaların əksəriyyətinə qoşulmaqdan imtina edib. 2024-cü ildə isə ölkənin Avropa İttifaqına üzvlük prosesini 2028-ci ilin sonunadək dayandırıb.
23:00 25.11.2026
Oxunuş sayı: 48