Arktik soyuqlar Avropanın qaz anbarlarını boşaldır
Avropaya daxil olan arktik soyuq hava dalğası yeraltı qaz anbarlarından yanacağın götürülməsi üzrə yeni rekordlara səbəb olub. Xüsusilə Almaniya və Fransada qaz ehtiyatlarının sürətlə azalması diqqət çəkir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazprom” "Gas Infrastructure Europe" təşkilatının məlumatlarına istinadən açıqlama yayıb.
Şirkətin məlumatına görə, noyabrın 23-də Avropanın yeraltı qaz anbarlarından gündəlik qaz götürülməsi həmin tarix üçün bütün müşahidə dövrünün ən yüksək göstəricisinə çatıb. Bu həcm əvvəlki günlə müqayisədə təxminən iki dəfə çox olub.
“Gazprom” Almaniyadakı qaz ehtiyatlarının azalmasına xüsusi diqqət çəkib. Avropanın ən böyük qaz saxlama imkanlarına malik ölkəsində anbarların doluluq səviyyəsi 55 faizə enib. Noyabrın 23-də Almaniyanın yeraltı anbarlarından həmin tarix üçün indiyədək qeydə alınmış ən böyük həcmdə qaz çıxarılıb.
Şirkətin məlumatına əsasən, Fransada da gündəlik qaz götürülməsi üzrə analoji rekord qeydə alınıb.
Bununla yanaşı, Şimal-Qərbi Avropada soyuq havanın dekabrın əvvəlinədək davam edəcəyi ilə bağlı proqnozlardan sonra Avropada qaz qiymətləri də artıb.
Xatırladaq ki, noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının Rusiya enerji resurslarının ixracına qoyduğu məhdudiyyətlərin Avropanın özündə ciddi nəticələrə səbəb olduğunu bildirib.
Putinin sözlərinə görə, Avropada Rusiya nefti və qazı azalacaq, problemlər isə artacaq.
21:18 25.11.2026
Oxunuş sayı: 34