NATO Polşanın Rusiya raketləri ilə bağlı təklifini rədd edib
NATO Polşanın Rusiya raketlərinin Ukrayna ərazisi üzərində vurulması təşəbbüsünü dəstəkləmir. Alyans hesab edir ki, belə bir addım ciddi fəsadlara səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bunu Polşanın milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
Onun sözlərinə görə, Rusiya raketlərinin Ukrayna üzərində ələ keçirilməsi məsələsi bir neçə ay əvvəl Şimali Atlantika Alyansında müzakirə olunub.
“NATO bu ideyanı heç bir şəkildə dəstəkləmir. Bu, çoxsaylı çətinliklər yaradacaq”, – deyə Tomçik brifinqdə bildirib.
Nazir müavini vurğulayıb ki, Ukraynanın hava məkanına aid bütün mühüm qərarlar alyansa üzv ölkələr tərəfindən birgə qəbul edilməlidir.
Qeyd edək ki, bundan əvvəl “Bloomberg” Polşanın NATO müttəfiqlərindən Ukraynaya doğru hərəkət edən və alyans ölkələrini təhdid edən Rusiya raketlərinin Ukrayna ərazisi üzərində vurulması imkanını nəzərdən keçirməyi xahiş etdiyini yazıb.
Agentliyin məlumatına görə, Varşava bu təklifi Brüsseldə NATO ölkələrinin səfirlərinin görüşündə müzakirəyə çıxarıb. Bəzi diplomatlar təşəbbüsə dəstək versələr də, məsələ ilə bağlı yekun qərar qəbul edilməyib.
Mənbələr bildiriblər ki, Rusiya raketlərinin Ukrayna ərazisi üzərində NATO tərəfindən vurulması alyansı münaqişənin birbaşa iştirakçısına çevirə bilər.
Xatırladaq ki, Şimali Atlantika Alyansı bundan əvvəl Polşada AWACS radar təyyarəsinin yerləşdirildiyini açıqlayıb
19:42 25.11.2026
Oxunuş sayı: 71