Ekspert: Bizə düşünən ordu lazımdır
Müasir dövrdə ordunun gücü yalnız hərbi texnika və şəxsi heyətin sayı ilə deyil, həm də onun intellektual potensialı, peşəkar kadr təminatı və müasir çağırışlara uyğunlaşma qabiliyyəti ilə müəyyən olunur. Bu baxımdan, ali təhsilli, elmi biliklərə və ixtisaslaşmış bacarıqlara malik gənclərin Silahlı Qüvvələrdə xidmətinin təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev magistratura (rezidentura) və doktorantura (adyunktura) təhsilini başa vuraraq elmi dərəcə almış hərbçilərin “leytenant” hərbi rütbəsində olma müddətinin azaldılması ilə bağlı qanunvericilik dəyişikliklərini təsdiqləyib. Yeni qərar bu kateqoriyadan olan zabitlərin hərbi karyera imkanlarının genişləndirilməsinə və elmi potensiallarının hərbi xidmətə daha səmərəli inteqrasiyasına yönəlib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert İbrahim Rüstəmli qeyd edib ki, artıq hərbi xidmətə yanaşma ilə bağlı bir sıra mühüm islahatlar həyata keçirilib: “Nəzərə alsaq ki, ordunun əsas şəxsi heyəti gənclərdən formalaşır və hazırda gənclərin böyük əksəriyyətini ali təhsillilər təşkil edir, bu şəraitdə müəyyən dəyişikliklərin aparılması, məncə, zəruri idi. Yüksək bal toplamış, bakalavr və magistratura pillələrini uğurla başa vurmuş, kifayət qədər biliyə, dünyagörüşünə və intellektual potensiala malik gənclərin orduda müvafiq istiqamətlərə yönləndirilməsi, xüsusilə intellektual fəaliyyət tələb edən sahələrə cəlb olunması son dövrlərin mühüm nailiyyətlərindəndir. Hesab edirəm ki, bacarıqlı, savadlı və geniş dünyagörüşünə malik gənclərin daha çox intellektual fəaliyyət tələb edən sahələrdə xidmət etməsi ordunun gələcəyi üçün mühüm baza rolunu oynayır. Eyni zamanda, ali təhsilli, bakalavr, magistratura və aspirantura pillələrini bitirmiş, elmi dərəcəsi olan şəxslərin hərbi xidmətinə dair qəbul edilmiş qərarı da yüksək qiymətləndirirəm. Çünki onlara yaradılan imkanlar həm hərbi, həm də mülki həyatda öz potensiallarını reallaşdırmaq şansı verir. Belə zabitlər, yəni elmi dərəcəsi olan və hərbi xidmətə çağırılmış şəxslər müəyyən edilmiş müddət başa çatdıqdan sonra mütləq ordudan tərxis olunmalı deyillər. Əgər ordunun onlara ehtiyacı varsa və ya özləri hərbi xidməti davam etdirmək istəyirlərsə, xidmətlərini davam etdirə bilərlər. Bu, çox düzgün və səmərəli yanaşmadır. Həmişə bu fikirdə olmuşam və əvvəllər yazılarımın birində də qeyd etmişəm: “Bizə döyüşən və danışan ordudan çox düşünən ordu lazımdır”.

Ekspert qeyd edib ki, Silahlı Qüvvələrimizə daha çox savadlı, bacarıqlı və geniş dünyagörüşünə malik kadrların cəlb olunması ordunun düşünmə qabiliyyətinin, intellektual potensialının göstəricisidir: “Bu baxımdan, ümumiyyətlə, hərbi xidmətə gələn gənclərə daha həssas yanaşılmasının tərəfdarıyam. Onlara öz bacarıqlarını nümayiş etdirmək və potensiallarına uyğun sahələrdə xidmət etmək imkanı yaradılmalıdır. Gənclər özlərini hansı istiqamətdə daha faydalı hesab edirlərsə, həmin sahədə fəaliyyətlərini və xidmətlərini davam etdirmələri üçün şərait yaradılmalıdır. Gələcəkdə də bu cür kadrlara daha əlverişli və məqsədyönlü yanaşmaların tətbiqinə ehtiyac olacaq. Çünki bunlar bizim düşünən beyinlərimizdir. Onların orduda düzgün yerləşdirilməsi və səmərəli xidmətinin təmin olunması üçün qarşıda hələ çox iş görülməlidir. Hesab edirəm ki, bu istiqamətdə görülən işlər hələ başlanğıcdır və qarşıda daha geniş imkanlar var”.
Ayhan
19:00 25.11.2026
Oxunuş sayı: 84