İsrail parlamenti azan səsinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsini rədd edib
İsrail parlamenti məscidlərdə azanın səsgücləndiricilər vasitəsilə yayımlanmasının məhdudlaşdırılmasını nəzərdə tutan mübahisəli qanun layihəsini rədd edib.
Crossmedia.az xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı layihənin əleyhinə 63, lehinə isə 45 deputat səs verib.
Məlumata görə, qanun layihəsi İsrailin ifrat sağçı “Yəhudi Gücü” Partiyasının deputatları tərəfindən irəli sürülüb. Təşəbbüs milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi siyasi qüvvəyə məxsusdur.
Təklifə əsasən, məscidlərin səsgücləndiricilərdən istifadə etməsi üçün Ətraf Mühitin Mühafizəsi Nazirliyindən icazə alınması tələb olunurdu. Həmçinin polisə məscidlərin səs sistemlərini söndürmək və avadanlıqları müsadirə etmək səlahiyyətinin verilməsi nəzərdə tutulurdu.
Qanun layihəsində tələblərin pozulmasına görə 50 min İsrail şekelinədək (təxminən 15 min dollar) cərimə tətbiqi də təklif edilirdi.
Səsvermədən əvvəl parlamentdə gərginlik yaşanıb. Ben-Qvir fələstinəsilli deputatlara qarşı təhqiramiz ifadələr işlədib. Parlament sədrinin müavini Eitan Ginzburqla mübahisədən sonra nazirin plenar iclas zalını tərk etməsi tələb olunub.
Fələstinəsilli deputatlar qanun layihəsini ölkədəki müsəlman azlığa qarşı təzyiq cəhdi kimi qiymətləndiriblər.
Qeyd edək ki, oxşar təşəbbüslər İsrail parlamentində əvvəlki illərdə də müzakirəyə çıxarılıb.
22:17 25.11.2026
Oxunuş sayı: 34