Rütte Ukrayna münaqişəsinin nə vaxt başa çatacağı ilə bağlı proqnoz verib
Ukrayna münaqişəsi ya sülh sazişinin imzalanması, ya da uzunmüddətli atəşkəsin əldə olunması ilə başa çatacaq. Bundan sonra Kiyevin gələcək təhlükəsizliyinin təmin edilməsi vacib olacaq.
Crossmedia.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Fox News telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, münaqişənin başa çatmasından sonra Qərb ölkələri Ukraynanın gələcəkdə təhlükəsizliyini təmin edəcək mexanizmlərin mövcudluğuna əmin olmalıdırlar.
Rutte qeyd edib ki, belə təminatlardan biri Ukraynanın NATO-ya üzvlüyü ola bilər. Bununla yanaşı, təhlükəsizliyin təmin edilməsi üçün başqa mexanizmlərdən də istifadə mümkündür.
NATO baş katibi Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərarın yalnız NATO üzvü olan ölkələr tərəfindən verilə biləcəyini vurğulayıb.
Xatırladaq ki, noyabrın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün digər təhlükəsizlik təminatlarından daha effektiv olacağını bildirmişdi.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Ukraynanın NATO-ya faktiki və ya qismən üzvlüyünün belə Moskva üçün qəbuledilməz olduğunu bəyan edib.
22:51 25.11.2026
Oxunuş sayı: 41