Çində avtomobil almaq neçəyə başa gəlir? - Ən ucuz modellər açıqlandı
Çində ən ucuz krossoverlərin qiyməti təxminən 12,5 min manatdan başlayır. Bu avtomobillər arasında “Livan X3 Pro”, “Wuling Xingchi”, “SWM Big Tiger” və “Chery” modelləri yer alır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya “Çin avtomobilləri” portalının şərhçisi Denis Bobılyov məlumat verib.
Ekspertin sözlərinə görə, Çində ən sərfəli model “Livan X3 Pro”dur. Avtomobilin ilkin qiyməti 48,9 min yuan, yəni təxminən 12,5 min manat təşkil edir. Müqayisə üçün bildirilib ki, bu model Rusiyada təxminən 1,5 milyon rubla satılıb.
Əlçatan qiymətinə görə növbəti yerdə SAIC-GM-Wuling birgə müəssisəsinin istehsalı olan “Wuling Xingchi” krossoveri gəlir. Uzunluğu 4,3 metr olan avtomobil 1,5 litrlik atmosfer mühərriki və mexaniki sürətlər qutusu ilə təchiz edilib. Modelin qiyməti 56,8 min yuandan, təxminən 14,5 min manatdan başlayır. Kampaniyalar nəzərə alındıqda qiymət 48,8 min yuana, yəni 12,4 min manata qədər enir.
Siyahıda yer alan digər model “SWM Big Tiger”dir. Rusiyada “SWM G03F” adı ilə satışa çıxarılması planlaşdırılan krossover 1,5 litrlik, 116 at gücündə benzin mühərrikinə və mexaniki sürətlər qutusuna malikdir. Uzunluğu 4,6 metr olan avtomobilin salonu yeddi nəfər üçün nəzərdə tutulub. Qiyməti 56,9 min yuan, yaxud təxminən 14,5 min manatdır.
Ekspert daha sonra Çin bazarında “Chery Tiggo 3x”, digər ölkələrdə isə “Chery Tiggo 2 Pro” adı ilə tanınan modeli qeyd edib. Atmosfer mühərriki və variatorla təchiz edilən avtomobilin qiyməti 57,9 min yuan, təxminən 14,8 min manatdır. Müvəqqəti kampaniyalarla bu məbləğ 49,9 min yuana, yəni 12,7 min manata qədər azalır.
Siyahını “Omoda C5” modelinin yaxın qohumu hesab edilən “Chery Tiggo 5x” tamamlayır. 1,5 litrlik mühərrik və mexaniki sürətlər qutusu ilə təchiz edilmiş avtomobilin ilkin qiyməti 62,9 min yuan, təxminən 16 min manatdır. Endirimlər nəzərə alındıqda isə qiymət 54,9 min yuana, yəni 14 min manata enir.
13:59 10.11.2026
Oxunuş sayı: 77