Payızın gizli təhlükəsi: Göbələk seçərkən nələrə diqqət etməliyik?
Göbələkdən zəhərlənmə halları xüsusilə payız mövsümündə yenidən aktuallaşır. Yağışlı və rütubətli havadan sonra meşələrdə, çöllərdə və digər ərazilərdə göbələklərin artması insanların bu məhsula marağını artırır. Lakin təbiətdə bitən hər göbələyin yeməli olduğunu düşünmək ciddi sağlamlıq problemlərinə, hətta ölümə səbəb ola bilər. Zəhərli göbələklərin bəziləri zahiri görünüşünə görə yeməli növlərdən demək olar ki, fərqlənmir. Bu isə onları təcrübəsiz şəxslər üçün daha təhlükəli edir.
Qobustan rayonunda baş verən son hadisə də məsələnin nə qədər ciddi olduğunu bir daha göstərir. Noyabrın 5-də göbələkdən zəhərlənmə şübhəsi ilə beş kişi Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. TƏBİB-in məlumatına görə, onlara zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Məlumata əsasən, zəhərlənən şəxslər AAYDA əməkdaşları olub.
Göbələkdən zəhərlənmənin təhlükəsi yalnız onun hansı növə aid olması ilə məhdudlaşmır. Bəzi zəhərli növlərin təsiri qəbul edildikdən bir neçə saat sonra, bəzilərinin isə daha gec üzə çıxa bilər. İnsan özünü ilkin mərhələdə yaxşı hiss etsə belə, sonradan ürəkbulanma, qusma, qarın ağrısı, ishal, qaraciyər və böyrək funksiyalarının pozulması kimi ağır fəsadlarla qarşılaşa bilər. Buna görə də göbələk qəbulundan sonra hər hansı narahatlıq yaranarsa, vaxt itirmədən tibbi yardıma müraciət etmək vacibdir.
Digər mühüm məsələ isə göbələklərin toplanması, saxlanması və hazırlanması ilə bağlıdır. Bəzən insanlar göbələyin zəhərli olub-olmadığını rənginə, qoxusuna və ya bişirilmə üsuluna əsasən müəyyən etməyə çalışırlar. Halbuki bu cür yanaşmalar etibarlı deyil. Hətta uzun müddət bişirmək və ya qaynatmaq da bəzi zəhərli göbələkləri təhlükəsiz etmir. Bazarlarda və satış məntəqələrində təqdim olunan məhsulların mənşəyi və təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır.
Payız mövsümündə göbələkdən istifadə edənlərin sayının artdığı bir vaxtda əsas məsələ insanların bu məhsulu seçərkən və istehlak edərkən nə qədər diqqətli davranmasıdır. Bəs hansı göbələklər daha təhlükəlidir, zəhərlənmə riskini necə azaltmaq olar və istehlakçılar hansı hallarda göbələkdən imtina etməlidirlər?
Crossmedia.az-a açıqlama verən qida eksperti Məhsəti Hüseynova bildirib ki, göbələk ən çox sevilən və eyni zamanda tələbat olan qidalar sırasındadır:
“Bununla belə, o, hər zaman yüksək risk qrupuna aid edilən məhsullardan hesab olunur. Buna görə də göbələk alarkən onun etibarlı və mənşəyi bəlli olan satış məntəqəsindən alınmasına xüsusi diqqət yetirilməlidir.
Çünki hətta etibarlı yerdən alınan və keyfiyyətinə əmin olduğumuz göbələklər belə düzgün saxlanılmadıqda, bişirilmədikdə və bişirildikdən sonra müvafiq qaydalara əməl olunmadıqda ciddi problemlərə səbəb ola bilər. Bu hallar ağır zəhərlənmələrlə, hətta ölümlə nəticələnə bilər.
Göbələk açıq şəkildə satılırsa, xüsusilə diqqətli olmaq lazımdır. Onu toplayan şəxsin haradan və hansı şəraitdə yığdığı barədə məlumat yoxdursa, belə məhsulları almaqdan çəkinmək tövsiyə olunur. Bəzən təbiətdə rast gəlinən yeyilə bilən göbələklərə bənzəyən zəhərli növlər də toplanaraq satışa çıxarılır. Bu isə insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Son illərdə iqlim dəyişikliklərinin və qlobal istiləşmənin göbələklərə də müəyyən təsirləri müşahidə olunur. Bu dəyişikliklər onların tərkibinə və xüsusiyyətlərinə təsir göstərə bilər. Bəzi hallarda göbələklərin təhlükəli olub-olmadığını müəyyənləşdirmək də çətin olur. Buna görə də növünü tanımadığınız göbələklərdən istifadə etməməli, onları yalnız bu sahədə məlumatlı mütəxəssislərin köməyi ilə toplamalısınız.

Digər mühüm məqam isə fərdi həssaslıqdır. Mənşəyi bəlli və keyfiyyətli göbələklərdən istifadə edən bəzi insanlarda belə allergik reaksiyalar və zəhərlənməyə bənzər hallar yarana bilər. Bu, göbələyin tərkibindəki maddələrə qarşı fərdi həssaslıqla bağlı ola bilər. Hər kəs öz orqanizminin hansı qidalara qarşı həssas olduğunu və hansı qida məhsullarına allergiyası olduğunu bilməlidir.
Göbələyi aldıqdan sonra uzun müddət saxlamaq məsləhət görülmür. O, mümkün qədər qısa müddətdə istifadə edilməli və sərin yerdə saxlanılmalıdır. Məhsuldan xoşagəlməz, göbələyə xas olmayan qoxu gəlirsə, bu, onun keyfiyyətsiz və ya düzgün saxlanılmamış olmasının əlaməti ola bilər. Belə göbələklərdən istifadə etmək olmaz.
Bişirmə zamanı isə göbələk yalnız bir dəfəlik istehlak üçün lazım olan miqdarda hazırlanmalıdır. Düzgün bişirildiyinə əmin olmadığınız göbələyi yeməkdən çəkinmək lazımdır. Xüsusilə yeyilə bilən növlərə bənzəyən zəhərli göbələklərlə bağlı diqqətli olmaq vacibdir. Bəzi insanlar göbələyi tərəvəz kimi çiy halda da qəbul edirlər. Lakin bu, ciddi zəhərlənmələrə, hətta hüceyrələrin zədələnməsinə və ölümlə nəticələnə biləcək fəsadlara səbəb ola bilər.
Göbələk toplayarkən ətraf mühitin ekoloji vəziyyəti də nəzərə alınmalıdır. İstehsalat müəssisələrinin yaxınlığında, çirkab suların axıdıldığı ərazilərdə və torpağın, havanın, suyun zəhərli maddələrlə çirkləndiyi yerlərdə yetişən göbələklər təhlükəli ola bilər. Belə ərazilərdə bitən göbələk zahirən yeyilməyə yararlı görünsə də, tərkibindəki zərərli maddələr insan sağlamlığına ciddi təsir göstərə bilər”.
Məhəbbət Tərlanoğlu
15:00 07.11.2026
Oxunuş sayı: 150