Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda gələn ildən taksi sürücülərinə aid gəlirə mütənasib yeni vergitutma modelinin həyata keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, taksi xidmətləri sahəsində vergi inzibatçılığının yenidən qurulması nəzərdə tutulur:
"Bildiyiniz kimi, hazırda vergi ödənişi fərqlənmə nişanının əldə edilməsi formasında aparılır və sürücünün gəlirinin həcmindən asılı olmayaraq, sabit qaydada 18 manat məbləğində vergi tutulur. Yeni təklif isə daha ədalətli, gəlirə əsaslanan vergitutma modelinin tətbiqini ehtiva edir. Bu modelə əsasən, operatorlar vasitəsilə verginin ödəniş mənbəyində tutulması mexanizmi sayəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin üzərindəki inzibati yük aradan qaldırılacaq. Eyni zamanda, onların əldə etdikləri gəlirlərdən dövlət büdcəsinə ödənilməli olan vergi 1 % dərəcəsi əsasında hesablanacaq".
N. İmanov hesab edir ki, bu prinsipə uyğun olaraq, aşağı dövriyyəyə malik taksi sürücüsü daha az, yüksək dövriyyəsi olan sürücü isə 1 % nisbəti çərçivəsində daha çox vergi ödəyəcək: "Aparılan ümumi hesablamalara görə, orta vergi məbləği təqribən 18 manat səviyyəsində qalacaq. Lakin bəzi hallarda vergi dərəcələri bu rəqəmdən aşağı olacaq. Hesab edirik ki, bu islahat nəticəsində daha az gəlir qazanan taksi sürücülərinin vergi yükü yüngülləşəcək".
12:36 06.11.2026
Oxunuş sayı: 84