Bahalı xəz də təhlükəsiz deyil: Qış geyimlərindəki gizli risklər
Qış aylarında soyuqdan qorunmaq üçün seçilən geyimlər hər zaman sağlamlıq
baxımından təhlükəsiz olmaya bilər. Xüsusilə təbii xəz, dəri və heyvan tükündən
hazırlanan geyimlər bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu
məhsulların hazırlanması və emalı zamanı istifadə edilən kimyəvi maddələr,
boyalar, yapışdırıcılar və digər komponentlər dəri və tənəffüs yolları ilə
təmasda olduqda həssas insanlarda müxtəlif narahatlıqlar yarada bilər.
Məsələ yalnız təbii materialların özündən qaynaqlanmır. Dəri və xəz
məhsullarının istehsalı zamanı tətbiq edilən aşılayıcı maddələr, konservantlar
və rəngləndiricilər allergik kontakt dermatitə səbəb ola bilər. Geyimin
daxilində toplanan toz, kif qalıqları və digər allergenlər də reaksiyaları
gücləndirə bilər. Bəzi hallarda insan geyimi ilk dəfə istifadə etdikdə heç bir
problem hiss etmir, lakin uzunmüddətli təmasdan sonra dəridə qızartı, qaşınma,
səpgi və qıcıqlanma meydana çıxır.
Xüsusilə allergiyaya meyilli şəxslər, uşaqlar və həssas dəriyə malik
insanlar qış geyimlərini seçərkən daha diqqətli olmalıdırlar. Çünki allergik
reaksiyalar yalnız geyimin bədənlə təmas etdiyi nahiyələrdə yaranmaya, bəzi
hallarda tənəffüs yollarında da özünü göstərə bilər. Asqırma, burun axması,
gözlərdə qaşınma və nəfəsalma çətinliyi kimi əlamətlər müşahidə oluna bilər.
Bununla belə, hər qaşınma və ya dəri qızartısını allergiya hesab etmək düzgün
deyil. Reaksiyanın səbəbini müəyyənləşdirmək üçün mütəxəssis müayinəsi
vacibdir.
Digər tərəfdən, təbii materiallardan hazırlanan bütün geyimlərin zərərli, sintetik məhsulların isə tam təhlükəsiz olduğunu düşünmək də doğru yanaşma deyil. Burada əsas məsələ materialın keyfiyyəti, istehsal və emal prosesi, istifadə olunan kimyəvi maddələr və insanın fərdi həssaslığıdır. Bəs qış geyimləri seçərkən hansı məqamlara diqqət edilməlidir və allergik reaksiyaların qarşısını necə almaq olar?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri, allerqoloq-toksikoloq
İsmayıl Əfəndiyev bildirib ki,
Təbii xəz, dəri və yundan hazırlanan qış geyimləri bəzi insanlarda allergik
reaksiyalara və dəri qıcıqlanmasına səbəb ola bilər:
“Lakin burada vacib bir məqamı qeyd etmək istərdim: hər qaşınma və qızartı
allergiya demək deyil.
Allergik reaksiyaların yaranmasında bir neçə mexanizm rol oynayır. İlk
növbədə, heyvan mənşəli materiallarda qala bilən bioloji allergenləri qeyd
etmək lazımdır. Bunlara heyvanların dəri hissəciklərində, tüpürcəyində və digər
ifrazatlarında olan zülallar aiddir. Həssas insanlarda həmin allergenlərlə
təmas immun sisteminin reaksiyasına səbəb ola bilər.
Digər mühüm amil geyimlərin istehsalı və emalı zamanı istifadə olunan
kimyəvi maddələrdir. Xüsusilə dərinin aşılanmasında istifadə edilən xrom
birləşmələri, müxtəlif boyalar, formaldehid tərkibli maddələr və yapışdırıcılar
allergik kontakt dermatit yarada bilər. Bu zaman immun sisteminin gecikmiş
tipli həssaslıq reaksiyası inkişaf edir.
Bundan başqa, uzun müddət saxlanılan xəz və yun geyimlərdə toz gənələrinin
allergenləri və kif göbələkləri toplana bilər. Bu amillər xüsusilə allergik
rinit və bronxial astması olan insanlarda şikayətləri gücləndirə bilər.
Allergik reaksiyaların əsas əlamətləri dəridə qaşınma, qızartı, səpgi, şişkinlik, qabıqlanma, bəzən isə xırda suluqcuqların əmələ gəlməsidir. Bəzi hallarda asqırma, burun axması, gözlərin sulanması və öskürək də müşahidə olunur.
Allergiyanı adi dəri qıcıqlanmasından fərqləndirmək vacibdir. Məsələn, kobud
yun lifləri dərinin sinir uclarını mexaniki qıcıqlandıraraq qaşınma və batma
hissi yarada bilər. Bu, mütləq allergiya deyil. Belə qıcıqlanma adətən geyimlə
təmas zamanı başlayır və onun çıxarılmasından sonra azalır.
Allergik kontakt dermatit isə çox vaxt təmasdan bir neçə saat, bəzən 24–72
saat sonra meydana çıxır və geyim çıxarıldıqdan sonra da müəyyən müddət davam
edə bilər. Bununla yanaşı, bəzi allergik reaksiyalar, məsələn, övrə, təmasdan
bir neçə dəqiqə sonra da yarana bilər.
Təkrarlanan və ya uzun müddət davam edən şikayətlər zamanı dermatoloq və ya
allerqoloqa müraciət etmək lazımdır. Allergiyanın səbəbini müəyyənləşdirmək
üçün müvafiq allergoloji müayinələrdən, o cümlədən kontakt allergiyanı aşkar
edən dəri yamaq testlərindən istifadə oluna bilər.
İsmayıl Əfəndiyev tövsiyə edib ki, allergiyaya meyilli insanlara ilk növbədə
geyimin yalnız xarici görünüşünə və istilik saxlama qabiliyyətinə deyil, onun
materialına, kimyəvi emal xüsusiyyətlərinə və dəri ilə təmasına diqqət
yetirməlidir:
“Həssas dərisi olan şəxslər üçün yumşaq, hava keçirən və dərini mexaniki
qıcıqlandırmayan materiallar daha münasibdir. Xüsusilə pambıq astarlı geyimlərə
üstünlük vermək, kobud yun və xəzin dəri ilə birbaşa təmasını məhdudlaşdırmaq
faydalı ola bilər.
Geyim alarkən kəskin kimyəvi qoxusu olan, boyası asanlıqla çıxan və tərkibi
barədə kifayət qədər məlumat verilməyən məhsullardan çəkinmək məsləhətdir.
Əvvəllər hər hansı boya, metal və ya dəri emalında istifadə olunan kimyəvi
maddəyə qarşı allergiya müəyyən edilibsə, həmin komponenti ehtiva edən məhsullardan
uzaq durmaq lazımdır.
Onu da vurğulamaq istəyirəm ki, sintetik materiallar avtomatik olaraq daha
təhlükəsiz, təbii materiallar isə daha allergen hesab edilə bilməz. Əsas məsələ
konkret insanın hansı maddəyə həssas olmasıdır.
Geyimlərin düzgün təmizlənməsi və saxlanması allergiya riskinin
azaldılmasında mühüm rol oynayır. Yeni alınmış, yuyulmasına icazə verilən
geyimləri ilk istifadədən əvvəl yumaq tövsiyə olunur. Bu, parçada qalmış bəzi
boyaların və kimyəvi maddələrin miqdarını azaltmağa kömək edə bilər.
Yuyulma zamanı güclü ətirli yuyucu vasitələrdən və yumşaldıcılardan istifadə
etməmək, geyimləri yaxşı yaxalamaq məsləhətdir. Lakin təbii xəz və dəri
məmulatlarını adi qaydada yumaq olmaz. Onlar istehsalçının göstərişlərinə
uyğun, zərurət yarandıqda isə peşəkar təmizləmə üsulları ilə təmizlənməlidir.
Mövsüm başa çatdıqdan sonra qış geyimləri təmiz və tam quru vəziyyətdə,
rütubətsiz, yaxşı havalandırılan yerdə saxlanmalıdır. Bu, tozun və kif
göbələklərinin toplanması riskini azaltmağa kömək edir. Geyimlərin uzun müddət
nəm şəraitdə saxlanılması isə əksinə, allergik problemləri ağırlaşdıra bilər.
Allergiyadan qorunmağın ən effektiv yolu konkret allergenin
müəyyənləşdirilməsi və onunla təmasın məhdudlaşdırılmasıdır. Geyimin bahalı və
ya təbii materialdan hazırlanması onun hər kəs üçün təhlükəsiz olması demək
deyil. Xüsusilə atopik dermatit, allergik rinit və bronxial astmadan əziyyət
çəkən insanlar qış geyimlərinin seçiminə daha həssas yanaşmalıdırlar”.
Məhəbbət Tərlanoğlu
20:33 06.11.2026
Oxunuş sayı: 58