Zahid Oruc: Qarabağ Qələbəsi Azərbaycanın milli dövlətçilik mübarizəsinin təntənəsidir
8 Noyabr Azərbaycan tarixinin sadəcə təqvimə yazılmış qələbə günü deyil, əsrlərlə davam edən milli mübarizənin, itirilmiş torpaqların həsrətinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir. Bu tarix xalqımızın yaddaşında məğlubiyyətlərlə formalaşan bir dövrün başa çatdığı, milli özünəinamın və yeni dövlətçilik mərhələsinin başlandığı gün kimi yaşayır. Zəfərdən ötən illər göstərdi ki, 44 günlük Vətən müharibəsinin nəticələri yalnız hərbi uğur və ərazi bütövlüyünün bərpası ilə ölçülmür. Bu Qələbə Azərbaycanın regiondakı geosiyasi mövqeyini dəyişdirdi, milli kimliyə yeni məzmun qazandırdı və Cənubi Qafqazda uzun illər mövcud olmuş güc balansını kökündən sarsıtdı. Qarşıdan gələn Zəfər Günü ərəfəsində bu tarixi hadisəyə yalnız qazanılmış Qələbənin qüruru ilə deyil, onun arxasında dayanan strateji düşüncəni, siyasi iradəni və gələcək nəsillər üçün yaratdığı yeni reallıqları dərk edərək nəzər salmaq xüsusilə vacibdir.
Qarşıdan gələn Zəfər Günü ilə bağlı Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc Crossmedia.az-a açıqlamasında qeyd edib ki, İkinci Qarabağ müharibəsinin altıncı ildönümü Qələbənin emosional təntənəsindən sonra onun nəticələrini daha rasional təhlil etməyi tələb edir: “Azərbaycanın misilsiz uğurunun əsas səbəbləri keçmiş məğlubiyyətlərdən düzgün dərs çıxarılması, müharibənin məhdud coğrafiyada aparılması, zamanın düzgün seçilməsi, cəmiyyətin qələbəyə səfərbər olunması və xarici dövlətlərin hərbi müdaxiləsinin qarşısının alınması idi. Azərbaycanın nailiyyəti yalnız ərazi bütövlüyünün və suverenliyin bərpası ilə məhdudlaşmadı. Müharibənin qısa müddətdə, minimum insan və maddi itkilərlə başa çatdırılması, beynəlxalq müdaxilənin məhdudlaşdırılması və yeni regional təhlükəsizlik arxitekturasının qurulması da tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin strategiyası 1990-cı illərin məğlubiyyətlərinin deyil, iki əsrlik tarixi təcrübənin təhlilinə əsaslanırdı. Keçmiş uğursuzluqların səbəbləri siyasi parçalanma, güclü ordunun olmaması, qeyri-peşəkar hərbi taktika, müttəfiqlərin azlığı və xalq birliyinin təmin edilməməsi idi. Vətən müharibəsi yalnız işğalçı ordunun məğlub edilməsi deyil, həm də işğalı qoruyub saxlayan siyasi institutların, beynəlxalq şəbəkələrin və mifologiyaların aradan qaldırılması uğrunda mübarizə idi. Qarabağ məsələsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin tərkib hissəsinə çevrilmişdi. XVIII–XIX əsrlərdən etibarən Rusiya, İran, Osmanlı və digər dövlətlərin Cənubi Qafqaz siyasəti regionun taleyinə təsir göstərmiş, Ermənistan amili isə bu siyasətdə mühüm rol oynamışdı. Azərbaycan 2020-ci ildə hərbi əməliyyatları əsasən işğal altındakı ərazilərlə məhdudlaşdırmaqla ölkənin iqtisadi infrastrukturunu, enerji və su sistemlərini böyük dağıntılardan qorudu. Gəncə, Bərdə və digər yaşayış məntəqələrinə raket hücumlarına baxmayaraq, müharibənin genişlənməsinə imkan verilmədi. Azərbaycanın sürətli hərbi əməliyyatları böyük dövlətlərin ölkəmizə qarşı birləşməsinin qarşısını aldı. Beləliklə, hərbi toqquşma lokal qalsa da, onun siyasi və geosiyasi nəticələri regional və qlobal əhəmiyyət qazandı”.
Z.Oruc qeyd edib ki, qələbənin mühüm amillərindən biri də cəmiyyətin psixoloji və milli səfərbərliyi idi: “Birinci Qarabağ müharibəsinin yaratdığı məğlubiyyət yaddaşı və kollektiv travma xalqın öz gücünə inamı ilə əvəz olundu. Cəmiyyətdə əsas sual hansı ərazilərin itiriləcəyi deyil, növbəti hansı kənd və şəhərin azad ediləcəyi idi. Bunun əksinə, Ermənistanın 1994-cü ildən formalaşmış qalibiyyət mifologiyası dağıldı. Müharibə göstərdi ki, xalqın döyüş qabiliyyətini dəyişməz milli xarakter deyil, dövlətin təşkilatlanması, iqtisadi gücü, texnologiyası və hərbi-siyasi rəhbərliyin hazırlığı müəyyən edir. Azərbaycan ordusunun Qələbəsi yeni milli kimliyin əsas sütunlarından birinə çevrildi. Məcburi köçkünlük və itirilmiş torpaqların yerini qalib əsgər, Böyük Qayıdış və Vətən quruculuğu obrazları aldı. Qarabağ uğrunda mübarizə yalnız bir ərazi məsələsi deyil, Azərbaycanın milli dövlətçilik və müstəqillik mübarizəsi idi. Nəticədə Ermənistanın ənənəvi ərazi iddiaları və müttəfiqlik üzərində qurulmuş siyasəti sarsıldı, “Real Ermənistan” konsepsiyası isə dövlətçilik fəlsəfəsinin dəyişməsinə səbəb oldu. Müharibənin nəticələri diplomatik və siyasi müstəvidə də möhkəmləndirildi. Azərbaycan hərbi meydanda qazandığı uğurları diplomatik sənədlərə çevirməyə və regionda sülhün siyasi əsaslarını yaratmağa nail oldu. 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Sülh müqaviləsinin paraflanması, regional kommunikasiyalarla bağlı yeni gündəliyin formalaşması və Minsk prosesinin bağlanması bu uğurların davamı oldu. Müharibə meydanı olan Arazboyu ərazilərin dəmir yolu və Şərq-Qərb kommunikasiya sisteminin bir hissəsinə çevrilməsi hərbi qələbənin iqtisadi və siyasi nəticələrini möhkəmləndirir. 8 Noyabr tarixi yeni dövlətçilik ideologiyasının və milli kimliyin formalaşmasında mühüm yer tutur. Qarabağda qazanılmış Qələbə Azərbaycanın müstəqil siyasət yürütmək imkanlarını genişləndirdi, Ermənistan amilinin ölkəmizin dövlətçiliyinə təsirini neytrallaşdırdı və regionda güc balansını dəyişdirdi. Qələbənin əsl sirri yalnız 44 günlük müharibədə deyil, uzun illər davam edən hazırlıqda, düzgün strateji qərarlarda və əldə edilən nəticələri gələcəyin təhlükəsizliyinə çevirməyi bacaran siyasi iradədədir”.
Ayhan
15:30 05.11.2026
Oxunuş sayı: 83