Dişlərin öz-özünə bərpası mümkün ola bilər
Alimlər dişlərin zədələnmiş toxumalarının öz-özünə bərpasına imkan verə biləcək zülalın xüsusiyyətlərini araşdırırlar. Tədqiqat uğurla nəticələnərsə, gələcəkdə dişlərin müalicəsində plomb və qazma kimi ənənəvi üsullara alternativ yarana bilər.
Crossmedia.az xəbər verir ki, “News Medical” bu barədə məlumat yayıb.
Araşdırmaya ABŞ-ın İllinoys Universitetinin Çikaqo filialının (UIC) Stomatologiya Kollecinin ağız biologiyası kafedrasının professoru Enn Corc rəhbərlik edir.
Alim ABŞ Milli Səhiyyə İnstitutlarının nəzdində fəaliyyət göstərən Milli Stomatoloji və Kəllə-Üz Tədqiqatları İnstitutundan araşdırmalarını davam etdirmək üçün 1,2 milyon dollar qrant alıb.
Tədqiqatın əsas istiqaməti dentin fosfoforini adlı zülalın xüsusiyyətlərinin öyrənilməsidir. Bu zülal əsasən dişin mina qatının altında yerləşən və onun böyük hissəsini təşkil edən minerallaşmış dentin toxumasında mövcuddur. Təbiətdə məlum olan ən turş zülal hesab edilən dentin fosfoforini dentinin formalaşması üçün zülal matrisinin kalsiumla minerallaşmasına kömək edir.
Professor Enn Corcun sözlərinə görə, dentin əmələ gətirən odontoblastlar və diş pulpasında yerləşən yetkin kök hüceyrələri yüksək kalsium mühitində yaşamaq qabiliyyətinə malikdir. Alimlər hesab edirlər ki, sözügedən zülal bu hüceyrələrin qorunmasında mühüm rol oynaya bilər.
Tədqiqatçılar zülalın hüceyrələri necə qoruduğunu və onların regenerasiya qabiliyyətini necə saxladığını müəyyənləşdirməyə çalışırlar.
Yeni layihədə alimlər dentin fosfoforininin autofagiya prosesindəki roluna xüsusi diqqət yetirəcəklər. Autofagiya hüceyrələrin köhnəlmiş və ya zədələnmiş hissələrini parçalayaraq onların komponentlərini yenidən istifadə etməsinə imkan verən təbii müdafiə mexanizmidir.
Diş pulpasında – dişin yumşaq və canlı daxili hissəsində – bu proses iltihab və zədələnmə zamanı qoruyucu rol oynaya bilər.
Kalsium diş və sümük kimi minerallaşmış toxumaların yaranması üçün vacib olsa da, hüceyrələrdə ciddi stress də yarada bilər. Tədqiqatçılar dentin fosfoforininin pulpa kök hüceyrələrinin bu təsirə davam gətirməsinə və dentin istehsal edən hüceyrələrə çevrilməsinə kömək etdiyini düşünürlər.
Alimlərin fikrincə, hüceyrələrin stress şəraitinə necə uyğunlaşdığının öyrənilməsi regenerativ stomatologiyanın inkişafına yeni imkanlar aça bilər.
Mövcud stomatoloji müalicə üsulları əsasən kariyesli toxumanın təmizlənməsinə və xəstəliyin yayılmasının qarşısının alınmasına əsaslanır. Bu zaman zədələnmiş toxuma qazılaraq çıxarılır və boşluq süni plomb materialı ilə doldurulur.
Enn Corc isə yeni yanaşmanın fərqli olduğunu bildirir. Onun sözlərinə görə, məqsəd diş boşluğuna yerləşdirilən xüsusi karkas daxilində zülallardan istifadə etməklə dentin toxumasını bərpa etməkdir. Beləliklə, dişin canlı quruluşunu qorumaq və kariyesin yayılmasının qarşısını almaq mümkün ola bilər.
Tədqiqat çərçivəsində insan diş pulpasından əldə edilən kök hüceyrələri üzərində təcrübələr aparılacaq, həmçinin toxumaların regenerasiyasını və autofagiyanı idarə edən molekulyar mexanizmləri öyrənmək üçün heyvan modellərindən istifadə ediləcək.
Layihə professor Enn Corcun biominerallaşma sahəsində apardığı, təxminən üç onillik tədqiqatların davamıdır. Onun əvvəlki araşdırmaları arasında kalsium-fosfat kristallarının yaranmasına kömək edən və yeni qan damarlarının inkişafını stimullaşdıra bilən dentin matrisi zülalı 1-in rolu da öyrənilib.
Alim vurğulayıb ki, bu zülallar yalnız toxumaların strukturunu formalaşdırmır, həm də siqnal molekulları kimi fəaliyyət göstərir. Onlar yaxınlıqdakı hüceyrələrlə qarşılıqlı əlaqə quraraq müəyyən bioloji prosesləri aktivləşdirə bilirlər.
Qeyd edək ki, yeni layihə Enn Corcun 1998-ci ildən İllinoys Universitetinin Çikaqo filialında apardığı elmi tədqiqatların davamıdır. Professorun sözlərinə görə, ABŞ Milli Səhiyyə İnstitutlarının uzunmüddətli dəstəyi laboratoriyada mürəkkəb elmi araşdırmaların aparılmasına, eləcə də gənc tədqiqatçıların hazırlanmasına imkan yaradıb.
02:00 05.11.2026
Oxunuş sayı: 50