Polşada balıqçı toruna nadir xəzinə düşdü: 150 qramlıq kəhrəba tapıldı
Polşanın Baltik dənizi sahilində yerləşən Kolobjeq şəhərində balıqçı təsadüfən çəkisi təxminən 150 qram olan iri kəhrəba parçası tapıb. Tapıntının dəyəri 1500 zloti (təxminən 400 dollar) qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, Polşa Mətbuat Agentliyi (PAP) bu barədə məlumat yayıb.
Balıqçı dənizə tor ataraq balıq tutmağa çalışsa da, toru sudan çıxararkən içərisində iri kəhrəba parçası olduğunu görüb.
O, tapıntının çəkisinin təxminən 150 qram olduğunu bildirib. Balıqçının sözlərinə görə, ailəsində sonuncu dəfə kəhrəbanı 1990-cı illərdə atası tapıb.
Polşa mediasının məlumatına görə, dənizdə belə iri kəhrəba parçalarına rast gəlmək olduqca nadir hadisədir və bəzən bu cür tapıntılar on ildə yalnız bir dəfə qeydə alınır.
Baltik dənizi sahillərində kəhrəba axtarmaq üçün ən əlverişli dövr payız və qış ayları hesab olunur. Xüsusilə güclü fırtınalardan və küləkli havadan sonra kəhrəba tapmaq ehtimalı artır.
Dalğalar dənizin dibindəki kəhrəba parçalarını suyun səthinə qaldıraraq yosunlar, budaqlar və digər təbii qalıqlarla birlikdə sahilə çıxarır. Baltik dənizi sahillərindən əldə edilən kəhrəba keyfiyyətinə görə ən yaxşı nümunələrdən hesab olunur.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanında arxeoloqlar qızıl, gümüş və qiymətli daşlardan hazırlanmış zinət əşyaları ilə dolu gil qab aşkar ediblər.
Ehtimala görə, bu əşyalar min ildən çox əvvəl Məkkəyə gedən müsəlman zəvvar tərəfindən basdırılıb.
Tədqiqatçılar tapıntını aşkar edildiyi arxeoloji ərazinin şərəfinə “Diriyə xəzinələri” adlandırıblar. Ər-Riyadın kənarında yerləşən Diriyə vaxtilə İraqın Bəsrə şəhəri ilə Səudiyyə Ərəbistanının Məkkə şəhəri arasında həcc ziyarətinə gedən zəvvarların əsas marşrutlarından biri olub.
01:00 05.11.2026
Oxunuş sayı: 55