İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdi
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək daha 254 fiziki şəxs, şirkət və təşkilatı məhdudiyyətlərə daxil edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Yeni sanksiyalar çərçivəsində fiziki şəxslərin və şirkətlərin aktivlərinin dondurulması, onlara vəsait təqdim edilməsinin qadağan olunması nəzərdə tutulur. Qərar Avropa İttifaqının (Aİ) 21-ci sanksiyalar paketinə uyğun qəbul edilib.
Sanksiya siyahısına daxil edilən 62 fiziki şəxs arasında Rusiyanın idman naziri Mixail Deqtyarev, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov, “Qazprom-Media”nın baş direktoru Aleksandr Jarov, Rusiya Mərkəzi Bankının sədr müavini Sergey Belov və musiqiçi Aleksandr Marşal da var.
Onların İsveçrəyə girişinə, eləcə də ölkə ərazisindən tranzit keçidinə qadağa qoyulub.
Bundan başqa, 41 şirkətə qarşı ixrac nəzarəti tədbirləri sərtləşdiriləcək. Əməliyyat qadağaları isə 33 Rusiya bankı, üçüncü ölkəyə məxsus bir bank, 17 maliyyə qurumu və kriptovalyuta xidmətləri təchizatçısı, üçüncü ölkələrdən beş şirkət, həmçinin Rusiyanın dörd hava limanı və iki limanına şamil edilib.
İsveçrə hakimiyyətinin Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğunu bildirdiyi 41 gəmi ilə bağlı da məhdudiyyətlər tətbiq olunub. Həmin gəmilərin alınması, satılması və onlara xidmət göstərilməsi qadağan edilib.
Qeyd edək ki, bundan əvvəl İsveçrənin Aİ-nin qərarından sonra rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaları ləğv etdiyi bildirilmişdi.
23:56 04.11.2026
Oxunuş sayı: 64