Rusiyanın Ukrayna ilə bağlı yeni planı üzə çıxıb
Rusiya ABŞ-də keçirilən aralıq seçkilərdən sonra Ukraynaya hərbi hücumları intensivləşdirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, Kreml artıq ABŞ Prezidenti Donald Trampın Ukraynanı Moskvanın şərtləri əsasında sülh sazişi imzalamağa məcbur edə biləcəyinə inanmır.
Agentliyin mənbələri bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putin müharibəni uzatmaq, Ukraynanın enerji infrastrukturuna zərbələri artırmaq və Kiyevi dəstəkləyən Avropa ölkələrinə təzyiqi gücləndirmək niyyətindədir.
Kreml hesab edir ki, ABŞ-də aralıq seçkilərin nəticələri Trampın siyasi mövqeyini zəiflədə və onun Ukrayna Prezidenti Volodimir Zelenskiyə təsir imkanlarını məhdudlaşdıra bilər.
Bununla yanaşı, Moskvanın Vaşinqtonla iqtisadi əməkdaşlığı genişləndirməyə və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasına çalışacağı bildirilir.
Mənbələrə görə, Rusiya rəhbərliyi ABŞ ilə iqtisadi əlaqələrin bərpasının Ukraynada müharibənin başa çatmasını gözləmədən mümkün olduğunu Tramp administrasiyasına qəbul etdirməyə çalışacaq.
Qeyd edək ki, noyabrın 10–11-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə növbəti üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.
11:46 04.11.2026
Oxunuş sayı: 63