Azərbaycanda neftin büdcə qiyməti 65 dollara enə bilər
Azərbaycanda dövlət büdcəsinin tarazlaşdırılması üçün tələb olunan neft qiymətinin 2030-cu ilə qədər bir barel üzrə 85 ABŞ dollarından 65 dollara enəcəyi proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi layihəsinə əlavə olunan sənədlərdə məlumat verilib.
Sənədlərə əsasən, fiskal tarazlıq üçün tələb olunan neft qiymətinin orta müddətdə mərhələli şəkildə azalması gözlənilir.
Hazırda 85 dollar səviyyəsində qiymətləndirilən bu göstəricinin 2030-cu ildə 65 dollara düşəcəyi nəzərdə tutulur.
Hökumət orta müddətli perspektivdə dünya bazarlarında neftin qiymətinin 65 dollardan aşağı enməsi ehtimalını da az qiymətləndirir.
Qeyd edək ki, fiskal tarazlıq üçün tələb olunan neft qiyməti dövlət büdcəsində nəzərdə tutulan neftin baza qiymətindən fərqli göstəricidir. Bu göstərici büdcənin tarazlaşdırılması üçün neftin hansı qiymət səviyyəsində olmalı olduğunu ifadə edir.
Maliyyə Nazirliyinin ortamüddətli proqnozlarına əsasən, Dövlət Neft Fondundan büdcəyə transfertlərin mərhələli azaldılması hesabına neftin qiymətində mümkün dəyişikliklərin büdcəyə təsirinin məhdudlaşdırılması nəzərdə tutulur.
12:47 04.11.2026
Oxunuş sayı: 54