AMB-dən qiymət artımları ilə bağlı açıqlama
Gələn il dövlət büdcəsinin kəsirinin daxili və xarici borclanma vasitəsilə maliyyələşdirilməsinin inflyasiyaya ciddi təsir etməyəcəyi proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün baş tutan iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, AMB 2027-ci il və ortamüddətli dövr üçün hazırlanmış makrofiskal çərçivəni pozitiv dəyərləndirir.
T.Kazımov vurğulayıb ki, dövlət xərclərinin mühafizəkar templərlə artırılması və optimallaşdırılması, neft transfertlərinin pilləli qaydada azaldılması, büdcə gəlirlərində qeyri-neft mənbələrinin nisbətinin yüksəldilməsi, həmçinin büdcə kəsirinin və dövlət borcunun nəzarət altında olan həddə saxlanılması fiskal sabitliyin möhkəmləndirilməsinə yönəlib.
O qeyd edib ki, büdcə xərclərinin səmərəliliyinin artırılması fiskal multiplikatorun təkmilləşdirilməsinə dəstək verəcək. AMB-nin sədri beynəlxalq bazarda neft qiymətlərinin müvəqqəti yüksəlməsinə rəğmən, 2027-ci il üçün neftin qiymətinin mühafizəkar səviyyədə nəzərə alınmasını da müsbət dəyərləndirib. Onun fikrincə, hasilatın azalması və enerji bazarlarında uzunmüddətli qeyri-müəyyənliklər şəraitində neft gəlirlərindən asılılığın minimuma endirilməsi xüsusi önəm kəsb edir.
T.Kazımov bildirib ki, 2027-ci ildə də dövlət büdcəsinin kəsirinin əsas etibarilə daxili və xarici borclanma yolu ilə maliyyələşdirilməsi nəzərdə tutulur: "Bu amili nəzərə alaraq, Mərkəzi Bank fiskal siyasətin inflyasiyaya əhəmiyyətli dərəcədə təsir göstərməyəcəyi qənaətinə gəlib".
12:32 04.11.2026
Oxunuş sayı: 68