İsrail ABŞ-yə İranın kimyəvi silah tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib
İsrail İranın rəqiblərinə qarşı kimyəvi silahdan istifadə etmə ehtimalı ilə bağlı ABŞ-yə kəşfiyyat məlumatları təqdim edib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” qəzeti noyabrın 3-də ABŞ və Yaxın Şərq rəsmilərinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail kəşfiyyatı İranın kimyəvi silahların raketlərlə daşınması və digər ölkələrin ərazisinə gizli şəkildə çatdırılması imkanlarını inkişaf etdirdiyini iddia edir.
Lakin bu məlumatlar ABŞ rəsmiləri arasında fikir ayrılığına səbəb olub.
Bəzi amerikalı rəsmilər İranın ABŞ obyektlərinə mümkün hücumları fonunda kimyəvi silah təhlükəsinin ciddi qiymətləndirilməli olduğunu düşünürlər.
Digərləri isə İsrailin Baş naziri Benyamin Netanyahunun bu məlumatlardan ABŞ Prezidenti Donald Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə razı salmaq üçün istifadə edə biləcəyini ehtimal edirlər.
Qəzetin məlumatına görə, İsrail oxşar xəbərdarlıqları Fars körfəzi ölkələrinə də çatdırıb. Lakin həmin ölkələrin bəzi rəsmiləri iddiaları təsdiqləyən konkret sübutların təqdim olunmadığını bildirərək məlumatların etibarlılığına şübhə ilə yanaşıblar.
Məsələ ilə bağlı müzakirələrdə 2002-ci ildə İraqın kütləvi qırğın silahlarına malik olması barədə irəli sürülən və sonradan təsdiqlənməyən iddialarla paralellər də aparılıb.
İran isə kimyəvi silah hazırlaması ilə bağlı ittihamları rədd edir.
Qeyd edək ki, İranın kimyəvi silah tətbiq etməyə hazırlaşdığına dair iddialar müstəqil şəkildə təsdiqlənməyib.
12:20 04.11.2026
Oxunuş sayı: 61