Gecə qonşunu yatmağa qoymayanlar cərimələnəcək
Çoxmənzilli binalarda qonşuluq münasibətləri bəzən ciddi mübahisələrə, hətta
hüquqi müstəvidə münaqişələrə çevrilir. Mənzildə təmir işlərinin aparılması,
gecə saatlarında yüksək səslə musiqi dinlənilməsi, davamlı səs-küy, mənzildən
gələn xoşagəlməz qoxular, ümumi istifadə sahələrinin zəbt edilməsi və digər
hallar qonşular arasında narazılıq yaradan əsas səbəblərdəndir. Bəzən bir
mənzildə yaşayan şəxsin gündəlik davranışı digər sakinlərin rahatlığını,
istirahətini və təhlükəsizliyini pozur. Belə vəziyyətlərdə qonşuların
narazılığını bildirməsi və aidiyyəti qurumlara müraciət etməsi təbii hüquqdur.
Lakin hər narazılıq və ya qonşunun şikayəti avtomatik olaraq mənzil
sahibinin cərimələnməsi ilə nəticələnmir. Qanunvericilikdə yaşayış sahəsindən
istifadə qaydaları, ictimai asayişin pozulması, sanitar-gigiyenik normalara
əməl olunması və digər məsələlərlə bağlı müəyyən tələblər nəzərdə tutulur. Bu
tələblərin pozulması hallarında isə pozuntunun xarakterindən və ağırlığından
asılı olaraq inzibati məsuliyyət yarana bilər. Burada vacib məqam şikayətin
özündən daha çox, iddia edilən pozuntunun sübut olunması və qanunla nəzərdə
tutulan məsuliyyət əsaslarının mövcudluğudur.
Digər tərəfdən, bəzən qonşular arasında şəxsi münasibətlərdən qaynaqlanan mübahisələr də hüquqi şikayətlərə çevrilir. Bir tərəf səs-küydən narahat olduğunu bildirir, digər tərəf isə öz mənzilində sərbəst yaşamaq hüququnun məhdudlaşdırıldığını düşünür. Belə hallarda mənzil sahibinin hüquqları ilə digər sakinlərin rahat və təhlükəsiz yaşayış hüququ arasında tarazlığın qorunması vacibdir. Eyni zamanda, mənzili kirayəyə verən şəxsin, orada yaşayan kirayəçinin və mənzil sahibinin məsuliyyətinin hansı hallarda fərqləndiyi də aydınlaşdırılmalıdır.

Crossmedia.az-a açıqlamasında hüquqşünas Anar Ramazanov bildirib ki, Azərbaycan
qanunvericiliyinə əsasən, vətəndaşlar birgəyaşayış qaydalarına əməl
etməlidirlər:
“Bu məsələ Mülki Məcəllə, mənzil qanunvericiliyi, eləcə də şəhərsalma və
tikinti qanunvericiliyi ilə tənzimlənir. Birgəyaşayış qaydaları insanların
bir-birinə hörmətlə yanaşmasını, qarşılıqlı hüquqların əsassız
məhdudlaşdırılmasının qarşısının alınmasını, həmçinin hər kəsin yaşayış,
istirahət və inkişaf imkanlarının qorunmasını nəzərdə tutur.
Bu qaydaların pozulmasına görə Azərbaycan qanunvericiliyində müəyyən hüquqi
məsuliyyət tədbirləri nəzərdə tutulub. Həmin tədbirlərdən biri də İnzibati
Xətalar Məcəlləsinin 521-ci maddəsində təsbit olunub. Maddəyə əsasən, gecə saat
00:00-dan səhər saat 07:00-dək mənzillərdə, yaşayış evlərinin girişlərində,
həyətlərdə, küçələrdə, istirahət və digər ictimai yerlərdə insanların
istirahətini pozan səviyyədə yüksək səs-küyə yol verilməsi inzibati məsuliyyət
yaradır. Buraya ucadan musiqi səsləndirilməsi, qışqırıq və təmir işlərinin
aparılması kimi hallar daxildir.
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, bu kimi hallara yol
verən fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000
manatdan 2 500 manatadək cərimə edilə bilərlər.
Belə hallarla qarşılaşan vətəndaşlar nə etməlidirlər? İlk növbədə, səs-küy
yaradan qonşunu və ya şəxsi xəbərdar etmək olar. Əgər xəbərdarlıqdan sonra da
səs-küy davam edərsə, vətəndaş 102 xidmətinə zəng edərək polisə məlumat
verməlidir. Bu zaman polis əməkdaşlarının hadisəni araşdırması və
qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda inzibati protokol tərtib
etməsi təmin edilməlidir”.
Hüquqşünas qeyd edib ki, polis əməkdaşının səs-küy yaradan şəxs barəsində
inzibati protokol tərtib etməsi həmin əməl nəticəsində digər şəxslərə dəymiş
maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddiaları istisna etmir:
“Məsələn, məişət səs-küyü nəticəsində qonşunun səhhəti pisləşə, onda ciddi
stress və əsəb gərginliyi yarana, hətta tibbi və ya psixoloji yardıma ehtiyac
ortaya çıxa bilər. Belə hallarda, müvafiq hüquqi əsaslar və sübutlar olduğu
təqdirdə, zərərçəkmiş şəxs inzibati protokol tərtib edildikdən sonra da mülki
qaydada məhkəməyə müraciət edərək ona dəymiş maddi və mənəvi zərərin əvəzinin
ödənilməsini tələb edə bilər.
Bu baxımdan vətəndaşlara birgəyaşayış qaydalarına, xüsusilə də məişət səs-küyü ilə bağlı tələblərə ciddi əməl etməyi tövsiyə edirik. Hər kəs gələcəkdə yarana biləcək inzibati, mülki və digər hüquqi məsuliyyət tədbirləri barədə məlumatlı olmalıdır”.
Məhəbbət Tərlanoğlu
12:00 04.11.2026
Oxunuş sayı: 196