Azərbaycanın gəlirləri Bakıya axır: Regionlar iqtisadi xəritədən silinir?
Azərbaycanda
əhalinin gəlirlərinin böyük hissəsi paytaxt və Abşeron yarımadasında
formalaşır. Rəsmi statistikaya görə, 2025-ci ildə ölkə üzrə əhalinin ümumi
gəlirlərinin təxminən 62 faizi Bakının payına düşüb. İqtisadçılar bu fərqin
səbəbləri arasında neft sektorunun paytaxtda cəmləşməsini, dövlət xərclərinin
bölgüsünü və regionlarda iqtisadi fəaliyyətin zəifliyini göstərirlər.
Ötən il Azərbaycanda əhalinin ümumi gəlirləri 89 milyard 916
milyon manat olub. Bunun 55 milyard 649 milyon manatı Bakıda qeydə alınıb.
Sumqayıt şəhərində bu göstərici 2 milyard 932,4 milyon, Abşeron rayonunda isə 4
milyard 959,9 milyon manat təşkil edib.
Beləliklə, Bakı, Sumqayıt və Abşeron rayonunun birlikdə payına
63 milyard 540 milyon manat düşüb. Ölkənin digər ərazilərində yaşayan əhalinin
ümumi gəlirləri isə təxminən 26 milyard 379 milyon manat olub.
Bu rəqəmlər iqtisadi imkanların ölkə ərazisində bərabər
bölüşdürülmədiyini göstərir. Əhalinin gəlirlərinə əməkhaqqı, pensiya, sosial
müavinətlər, sahibkarlıq və digər fəaliyyətlərdən əldə olunan vəsaitlər
daxildir. Gəlirlərin əsasən paytaxt və ətraf ərazilərdə cəmləşməsi regionlarda
iqtisadi fəallığın və gəlir mənbələrinin məhdudluğu ilə bağlı müzakirələri
yenidən gündəmə gətirir.
İnsanların iş, təhsil və daha yaxşı yaşayış imkanları üçün
Bakıya üz tutması paytaxtda əhali sıxlığını artırır. Bu proses nəqliyyat,
mənzil təminatı və kommunal infrastruktur üzərində əlavə yük yaradır. Digər
tərəfdən, bölgələrdən əmək qabiliyyətli əhalinin köçməsi yerli istehsalın, kənd
təsərrüfatının və sahibkarlığın inkişafını çətinləşdirə bilər.
Məsələ təkcə iqtisadi fərqlə məhdudlaşmır. Xüsusilə sərhəd və
ucqar rayonlarda əhalinin azalması həmin ərazilərdə yaşayış məntəqələrinin
qorunması, sosial xidmətlərin davamlılığı və məskunlaşmanın təmin edilməsi
baxımından da əhəmiyyətlidir.
İqtisadi fəaliyyət niyə Bakıda cəmləşir?

İqtisadçı Xalid Kərimli hesab edir ki, gəlirlərin böyük
hissəsinin paytaxtda formalaşması ölkə iqtisadiyyatının Bakı və Abşeron
ətrafında təmərküzləşməsinin göstəricisidir. Onun sözlərinə görə, regionların
iqtisadi inkişafı zəifdir, lakin Bakı-Abşeronun özü də arzuolunan inkişaf
səviyyəsinə çatmayıb.
“Təbii ki, bu vəziyyət regionların daha zəif inkişaf etməsi ilə
bağlıdır. Nəzərə alsaq ki, Bakı və Abşeronda da iqtisadi inkişaf arzuolunan
səviyyədə deyil, ölkənin qeyri-neft sektoru ümumilikdə zəif inkişaf edib.
Bununla belə, regionlarla müqayisədə Bakı-Abşeron iqtisadi
baxımdan daha yaxşı vəziyyətdədir. Bu isə onu göstərir ki, ölkədə yaradılan
əlavə dəyərin böyük hissəsi ərazisi ölkə torpaqlarının cəmi 5 faizini təşkil
edən Bakı-Abşeron yarımadasında formalaşır. Azərbaycanın ümumi ərazisi təxminən
86 min kvadratkilometrdir, Bakı və Abşeronun ümumi ərazisi isə 4-5 min
kvadratkilometr civarındadır. Belə bir kiçik ərazidə iqtisadi fəaliyyətin bu
qədər cəmləşməsi regionların zəif inkişafının və qeyri-neft sektorunun yetərincə
güclənməməsinin göstəricisidir.
Bu qədər böyük fərqin əsas səbəbi qeyri-neft sektorunun zəif
inkişafıdır. Regionlarda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq
üçün ciddi iqtisadi islahatlar aparılmalıdır. Xüsusilə rəqabət mühitinin yaxşılaşdırılması,
məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, kapitala çıxış imkanlarının
genişləndirilməsi və dövlət idarəçiliyində inzibati maneələrin aradan
qaldırılması istiqamətində mühüm addımlar atılmalıdır.
İqtisadi mühitin yaxşılaşdırılması regionlarda iqtisadi fəaliyyətin genişlənməsi üçün xüsusi əhəmiyyət daşıyır. Ərazilərin boşalmaması üçün iqtisadiyyat ölkə üzrə daha geniş yayılmalıdır. Burada məqsəd iqtisadi fəaliyyətin hər rayonda ərazi ölçüsünə uyğun bərabər paylanması deyil. Belə bir yanaşma real deyil. Lakin iqtisadiyyatın 75-80 faizinin kiçik bir ərazidə cəmləşməsi həm regionların boşalmasına səbəb olur, həm də mövcud vəziyyətin nəticəsi kimi meydana çıxır. İnsanlar iqtisadi imkanlar daha geniş olduğu üçün Bakıya üz tuturlar. Halbuki paytaxtın özündə də yaşamaq getdikcə çətinləşir: tıxaclar, sıxlıq və digər problemlər gündəlik həyatın bir hissəsinə çevrilib”.

İqtisadçı Elçin Rəşidov isə gəlirlərin paytaxtda cəmləşməsinin
əsas səbəblərindən biri kimi neft sektorunu göstərir. Onun fikrincə, bu sahədə
çalışanların sayı az olsa da, iqtisadiyyatda yaratdığı dəyər və əməkhaqqı
səviyyəsi yüksəkdir.
“Neft şirkətləri, onlara xidmət göstərən və bu sahə ilə əlaqəli
digər müəssisələrin əksəriyyəti əsasən paytaxtda yerləşir. Ölkədə məşğulluğun
cəmi 3 faizini təşkil edən bu sektorda çalışanlar ümumi ÜDM-in yarıdan çoxunun
yaradılmasında iştirak edirlər. Bu şirkətlərin böyük hissəsinin Bakıda
yerləşməsi də iqtisadi gəlirlərin paytaxtda cəmləşməsinə səbəb olur. Üstəlik,
həmin sektorda əməkhaqqı səviyyəsi də kifayət qədər yüksəkdir.
Bununla yanaşı, əməkhaqqının yüksək olduğu digər şirkətlərin və
dövlət qurumlarının da əksəriyyəti Bakıda fəaliyyət göstərir. Bunun
səbəblərindən biri paytaxt amilidir. Dövlət idarəetmə orqanlarının əsas hissəsi
paytaxtda yerləşdiyindən iqtisadi və inzibati fəaliyyət də burada cəmləşir.
Digər mühüm səbəb dövlət xərclərinin ölkə üzrə qeyri-bərabər
bölüşdürülməsidir. Dövlət müstəqilliyinin bərpasından bəri Bakıya regionlarla
müqayisədə daha çox diqqət ayrılıb. Paytaxtın infrastrukturu, kommunal
xidmətləri və digər imkanları həmişə regionlarla müqayisədə daha yaxşı
vəziyyətdə olub. Bu da insanların Bakıya köçməsini sürətləndirən, bölgələrin
isə boşalmasına təsir edən amillərdən biridir.
Dövlət xərclərinin böyük hissəsi Bakıda cəmləşdikcə paytaxtda
iqtisadi dövriyyə və gəlirlər də artır. Çünki dövlətin xərclədiyi vəsait eyni
zamanda həmin vəsaiti alan şəxslərin və müəssisələrin gəlirlərinə çevrilir.
Beləliklə, dövlət xərclərinin əsasən Bakıda həyata keçirilməsi paytaxtla
regionlar arasında gəlir fərqini daha da dərinləşdirir.
Nəticədə, sanki ölkə daxilində iqtisadi baxımdan bir-birindən
ciddi fərqlənən iki ayrı məkan yaranır: biri iqtisadi cəhətdən daha çox inkişaf
etmiş Bakı, digəri isə inkişaf imkanları məhdud qalan regionlar. Bu fərq yalnız
gəlirlərdə deyil, insanların həyat şəraitində, sosial münasibətlərində və
gündəlik imkanlarında da özünü göstərir”.
Regionların inkişafı
üçün nə dəyişməlidir?
İqtisadçıların fikirlərindən görünür ki, regionlarla paytaxt
arasındakı gəlir fərqini yalnız əhalinin köçü ilə izah etmək mümkün deyil.
Burada iş yerlərinin coğrafiyası, neft sektorunun yerləşməsi, dövlət
investisiyaları, sahibkarlıq mühiti və qeyri-neft iqtisadiyyatının inkişaf
səviyyəsi də rol oynayır.
Regionlarda dayanıqlı iş yerlərinin yaradılması, özəl
investisiyaların təşviqi, yerli istehsal və xidmət sektorunun genişləndirilməsi
bu fərqin azaldılması üçün əsas şərtlərdən sayıla bilər. Bununla yanaşı,
təhsil, səhiyyə və digər ictimai xidmətlərin keyfiyyətinin bölgələrdə
yüksəldilməsi də insanların paytaxta köçmək zərurətini azalda bilər.
Əks halda, iqtisadi imkanların əsasən Bakı və Abşeronda cəmləşməsi davam etdikcə paytaxtın üzərinə düşən yük artacaq, regionların isə iqtisadi və demoqrafik potensialı zəifləməkdə davam edəcək.
10:30 04.11.2026
Oxunuş sayı: 243