Türkiyə Heydər Əliyevin büstünün götürüləcəyi barədə iddiaları təkzib edib
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkında yerləşən büstün götürüləcəyi barədə yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinə istinadən məlumat yayıb.
Bildirilib ki, bəzi sosial şəbəkə hesablarında Heydər Əliyevin büstünün götürüləcəyi, parkın sökülərək yerində mədəniyyət mərkəzinin tikiləcəyi barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Rəsmi açıqlamada Şişli Bələdiyyəsinin sözügedən ərazi ilə bağlı hər hansı iş aparmadığı və belə bir layihənin gündəmdə olmadığı vurğulanıb.
Qeyd olunub ki, bu cür məlumatlar Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirmək, ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi ictimaiyyəti təxribat xarakterli və həqiqətə uyğun olmayan məlumatlara inanmamağa çağırıb.
09:16 04.11.2026
Oxunuş sayı: 63