Şuşa Zəfərimizin əbədi məşəlidir
Şuşa şəhəri Azərbaycan xalqının milli qürurunu, dövlətçilik iradəsini, tarixi yaddaşını və mədəni zənginliyini özündə birləşdirən müqəddəs şəhərdir. Bu qədim şəhərin taleyi xalqımızın azadlıq mübarizəsi, ərazi bütövlüyü uğrunda apardığı mübarizə və müasir Azərbaycan dövlətinin qazandığı tarixi nailiyyətlərlə sıx bağlıdır. Şuşanın müasir tarixində ən əlamətdar hadisə isə 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi oldu. Bu hadisə 28 ildən artıq davam edən Şuşa həsrətinə son qoydu, milli qürurumuzu özünə qaytardı və Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrildi.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas prioritetlərdən biri idi. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət quruculuğunun möhkəmləndirilməsi, iqtisadi sabitliyin təmin edilməsi, nizami ordunun formalaşdırılması və beynəlxalq mövqelərimizin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının güclənməsinə yeni imkanlar yaratdı. Müdafiə qabiliyyətinin artırılması, müasir ordunun formalaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizin strateji hədəflərinə xidmət edirdi. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını daim bəyan edir, bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq və döyüş əzmi nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etməyə başladı. Müharibədə əldə olunan uğurlar xalqımızın milli birliyinin, dövlətlə xalqın həmrəyliyinin və ordumuzun qüdrətinin təcəssümünə çevrildi.
Vətən müharibəsinin ən mühüm və həlledici mərhələlərindən biri Şuşa uğrunda döyüşlər idi. Şəhərin coğrafi mövqeyi, dağlıq relyefi və təbii müdafiə imkanları onun hərbi-strateji əhəmiyyətini artırırdı. Rəşadətli Azərbaycan Ordusu mürəkkəb relyef və ağır döyüş şəraitində böyük qəhrəmanlıq nümayiş etdirərək şəhəri azad etdi. Xüsusi təyinatlı qüvvələrimizin yaxın məsafəli döyüşlərdə göstərdiyi şücaət Şuşanın azad edilməsində həlledici rol oynadı. Şuşa əməliyyatı hərb tariximizdə misilsiz qəhrəmanlıq nümunəsi olmaqla yanaşı, müharibənin hərbi-siyasi nəticələrinə də ciddi təsir göstərdi. Şəhərin azad edilməsi Ermənistanın hərbi müqavimət imkanlarını zəiflətdi, düşmənin strateji mövqelərini sarsıtdı və müharibənin taleyində həlledici dönüş yaratdı. Şuşanın əhəmiyyəti yalnız hərbi-strateji mövqeyi ilə məhdudlaşmırdı. Bu şəhər Azərbaycan xalqının milli kimliyinin, tarixi yaddaşının və mədəni irsinin ən mühüm rəmzlərindən biri idi. Onun azad edilməsi tarixi ədalətin bərpası demək idi.
Noyabrın 8-də Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət edərək Şuşanın azad olunduğunu elan etməsi müasir tariximizin ən unudulmaz anlarından birinə çevrildi. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri illərlə doğma torpaqlarının həsrəti ilə yaşayan milyonlarla azərbaycanlının sevincini və qürurunu ifadə etdi. Noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Beləliklə, Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm nəticələrindən biri kimi tarixə düşdü.
2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşaya səfəri və şəhərdə Azərbaycan bayrağını ucaltması azadlıq tariximizin növbəti mühüm hadisəsi oldu. Həmin il mayın 7-də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncamın imzalanması isə şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bu qərar Şuşanın tarixi-mədəni irsinin qorunması, milli mədəniyyətimizin təbliği və beynəlxalq nüfuzunun artırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Şuşanın azad edilməsindən sonra şəhərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə yolların, yaşayış binalarının, sosial obyektlərin, mühəndis-kommunikasiya sistemlərinin və turizm infrastrukturunun yenilənməsi həyata keçirilir. Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Mehmandarovların malikanə kompleksi və digər tarixi abidələrin bərpası milli irsimizə sahib çıxmağın nümunəsidir. Bu prosesdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və mədəniyyət layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır.
2024-cü il mayın 11-dən etibarən keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışına başlanılması şəhərin həyatında yeni mərhələ açdı. Uzun illər Vətən həsrəti ilə yaşayan şuşalıların doğma evlərinə qayıtması tarixi ədalətin bərpasının mühüm göstəricisidir. Bu gün Şuşada həyat yenidən canlanır, sosial infrastruktur inkişaf etdirilir, yeni yaşayış məkanları yaradılır. Şəhərin dirçəlişi Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biridir.
Şuşanın müasir inkişafını səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilməsidir. Bu gün Şuşa həm də siyasi dialoq, beynəlxalq əməkdaşlıq, diplomatiya, media və humanitar müzakirələr üçün əhəmiyyətli platformadır. Şuşada təşkil olunan tədbirlər Azərbaycanın qazandığı Zəfərin nəticələrini, ölkəmizin yaratdığı yeni reallıqları və beynəlxalq münasibətlər sistemində artan rolunu nümayiş etdirir.
Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır. YAP-ın Şuşada ardıcıl olaraq beynəlxalq konfranslar təşkil etməsi şəhərin siyasi və ideoloji məkan kimi də əhəmiyyətini artırır. Xüsusilə hər il 15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən beynəlxalq konfranslar artıq ənənəvi xarakter alıb. Bu tədbirlər müxtəlif ölkələrin siyasi partiya nümayəndələrini, parlament üzvlərini, diplomatları və ekspertləri bir araya gətirərək aktual beynəlxalq məsələlərin müzakirəsi üçün mühüm platforma yaradır.
Şuşanın beynəlxalq nüfuzunun artmasında digər mühüm hadisələr də xüsusi yer tutur. 2023-cü ildə şəhərin Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi onun beynəlxalq mədəniyyət məkanındakı mövqeyini daha da gücləndirdi. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin yenidən Şuşada keçirilməsi milli mədəniyyətimizin öz tarixi ünvanına qayıdışının ifadəsidir. Bu tədbirlər Azərbaycanın zəngin mədəni irsini beynəlxalq ictimaiyyətə təqdim etməklə yanaşı, müxtəlif xalqlar arasında mədəni əlaqələrin inkişafına da töhfə verir. 2022-ci il aprelin 22-23-də Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının Şuşada keçirilməsi də xüsusi tarixi əhəmiyyət daşıyırdı. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın doğma şəhərdə bir araya gəlməsi milli həmrəyliyin və ümummilli birliyin təntənəsi oldu. 2024-cü il iyulun 6-da Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi isə şəhərin beynəlxalq siyasi və diplomatik mərkəz kimi mövqeyini daha da möhkəmləndirdi. Şuşa Qlobal Media Forumlarının təşkili də Azərbaycanın informasiya siyasətinin, media əməkdaşlığının və qlobal kommunikasiya məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Şuşanın beynəlxalq əhəmiyyətli tədbirlər məkanına çevrilməsinin bariz nümunələrindən biri də Qlobal Media Forumunun burada keçirilməsidir. Bu təşəbbüsün əsası 2022-ci ildə “Mediada qlobal trendlər, yeni çağırışlar” adlı Beynəlxalq Media Forumu ilə qoyulmuş, 2023-cü ildən etibarən isə Şuşa Qlobal Media Forumu formatında davam etdirilmişdir. Həmin il keçirilən ilk forum “4-cü Sənaye İnqilabı dövründə yeni media”, 2024-cü ildəki ikinci forum “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”, 2025-ci ildəki Xankəndi şəhərində keçirilən üçüncü forum isə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” və 2026-cı ildə keçirilən IV Şuşa Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzuları əsasında təşkil olunmuşdur. Bu forumlar Qarabağın, eləcə də, Şuşanın beynəlxalq media dialoqunun, fikir mübadiləsinin və qlobal çağırışların müzakirəsinin mühüm platformalarından birinə çevrildiyini təsdiqləyir. Xüsusi olaraq qeyd etməliyik ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumlarında iştirakı, geniş məzmunlu çıxışları və dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərin suallarını birbaşa cavablandırması tədbirlərə xüsusi siyasi və beynəlxalq əhəmiyyət qazandırır. Dövlət başçısının bu platformada Azərbaycanın mövqeyini, regionda baş verən proseslərə münasibətini, ölkəmizin sülh gündəliyini və gələcək inkişaf prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırması mühüm informasiya və diplomatik əhəmiyyət daşıyır. Açıq dialoq formatında keçirilən sual-cavablar isə dünya mediasına Azərbaycan Prezidentinin mövqeyini birbaşa mənbədən öyrənmək, aktual məsələlərə dair ətraflı məlumat əldə etmək imkanı yaradır.
Bütün bunlar göstərir ki, Şuşa artıq müasir Azərbaycanın siyasi, mədəni və diplomatik həyatında fəal iştirak edən beynəlxalq məkandır. Şuşa bu gün artıq müxtəlif dövlətlərin nümayəndələrini, beynəlxalq təşkilatları, siyasətçiləri, diplomatları və mədəniyyət xadimlərini qəbul edir. Bu dəyişiklik Azərbaycanın hərbi Zəfərdən sonra quruculuq, diplomatiya və mədəniyyət sahələrində həyata keçirdiyi siyasətin nəticələrini əks etdirir.
Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün şəhərdə dalğalanan üçrəngli bayrağımız, yenidən səslənən muğamımız, bərpa edilən tarixi abidələrimiz, keçirilən beynəlxalq tədbirlər və doğma yurdlarına qayıdan şuşalılar həmin müqəddəs mübarizənin tarixi nəticəsidir. Şuşanın dirçəlişi Azərbaycanın hərbi Zəfərdən sonra quruculuq, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahələrində qazandığı nailiyyətlərin parlaq ifadəsidir. Bu şəhər gələcək nəsillər üçün Vətən sevgisinin, milli birliyin, dövlətçilik iradəsinin və ərazi bütövlüyümüzün qorunmasının əbədi nümunəsi olaraq qalacaq. Şuşa Azərbaycanın Zəfər tarixinin zirvəsi, milli qürurumuzun və müstəqil dövlətimizin qüdrətinin əbədi rəmzidir.

Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
10:36 04.11.2026
Oxunuş sayı: 81