Az yatmağa öyrəşmisiniz? - Hər kəsin bilmədiyi bioloji sirr
Yuxu insan orqanizminin normal fəaliyyəti, fiziki və zehni sağlamlığın
qorunması üçün ən vacib ehtiyaclardan biridir. Gün ərzində sərf etdiyimiz
enerjinin bərpası, beynin informasiya emalı, yaddaşın möhkəmlənməsi və
orqanizmin müxtəlif sistemlərinin normal işləməsi birbaşa yuxunun keyfiyyəti və
müddəti ilə bağlıdır. Mütəxəssislər yetkin insanların sutka ərzində orta
hesabla 7–9 saat yatmasını tövsiyə edirlər. Lakin bu müddət hər kəs üçün eyni
olmaya bilər. Bəzi insanlar 5–6 saatlıq yuxudan sonra belə səhər gümrah oyanır,
gün ərzində yorğunluq hiss etmir və yüksək fəallıq nümayiş etdirirlər.
Maraqlıdır ki, az yatmaqla kifayətlənən insanların bir qismi bunu ailədən
gələn xüsusiyyət kimi izah edir. Belə şəxslərin yaxın qohumlarında da oxşar yuxu
rejiminə rast gəlinir. Elmi araşdırmalar da bəzi insanlarda genetik
xüsusiyyətlərlə əlaqəli olaraq yuxu ehtiyacının digərlərindən daha az ola
biləcəyini göstərir. Ancaq burada mühüm bir fərq var: həqiqətən az yuxuya
ehtiyacı olan insanla yuxusuzluğa və ya xroniki yuxu çatışmazlığına alışmış
insanı eyniləşdirmək olmaz.
Bəzən insanlar iş qrafiki, gündəlik qayğılar, sosial həyat və ya şəxsi
vərdişlər səbəbindən yuxu müddətini azaldır, zaman keçdikcə isə bu rejimə
uyğunlaşdıqlarını düşünürlər. Lakin insanın özünü yorğun hiss etməməsi onun
kifayət qədər yatdığı və orqanizminin yuxu ehtiyacının ödənildiyi anlamına
gəlmir. Yuxu çatışmazlığı uzun müddət davam etdikdə diqqət və yaddaş zəifləyə,
əmək qabiliyyəti aşağı düşə, maddələr mübadiləsində və ürək-damar sistemində
problemlər yarana bilər.
Digər tərəfdən, çox yatmaq da hər zaman sağlam yuxunun göstəricisi deyil. Əsas məsələ yalnız yataqda keçirilən saatların sayı deyil, yuxunun keyfiyyəti, insanın fərdi ehtiyacı və oyandıqdan sonra özünü necə hiss etməsidir.

Crossmedia.az-a açıqlamasında terapevt Məlahət Hümmətqızı bildirib ki, yuxu insan orqanizminin ən vacib fizioloji tələbatlarından biridir və onun tənzimlənməsi baş beyin tərəfindən həyata keçirilir:
“Beyində yuxu və oyaqlıq vəziyyətinə nəzarət edən mürəkkəb sinir
mexanizmləri mövcuddur. Bu prosesdə hipotalamus, beyin kötüyü və digər sinir
strukturları iştirak edir.
Bəzi insanların az yuxuya ehtiyac duyması, həqiqətən, genetik və bioloji
xüsusiyyətlərlə əlaqəli ola bilər. Elmi tədqiqatlarda təbii qısa yatanlar
adlandırılan insanlar müəyyən edilib. Belə şəxslər uşaqlıqdan, gənclik
dövründən etibarən sutkada 5–6 saat yatmaqla kifayətlənir, səhərlər özləri
oyanır, gün ərzində yuxululuq və yorğunluq hiss etmədən normal fəaliyyət
göstərirlər. Bəzi hallarda bu xüsusiyyət ailəvi xarakter daşıya və genetik
ötürülə bilər. Əsas fərq ondadır ki, bu insanlar az yatmağa məcbur deyillər,
onların bioloji yuxu ehtiyacı fərqlidir.
Lakin digər tərəfdən, az yatmağı yuxuya ehtiyacın az olması ilə qarışdırmaq
olmaz. Müasir həyat tərzi, gecə saatlarına qədər telefon və kompüterdən
istifadə, süni işıq, stress və qeyri-düzgün yuxu rejimi yuxunun təbii ritmini
poza bilər. Xüsusilə telefon və digər elektron cihazlardan gecə saatlarında
istifadə melatonin hormonunun ifrazına və yuxuya getməyə mənfi təsir göstərə
bilər.
Yaş artdıqca da yuxunun strukturu və keyfiyyəti dəyişir. Xüsusilə yaşlı
insanlarda ürək-damar xəstəlikləri, şəkərli diabet, qalxanabənzər vəzin
xəstəlikləri, ağrılar, sinir sistemi pozğunluqları və emosional gərginlik
yuxusuzluğa səbəb ola bilər. Bəzən insan gündüz yatır, gecə isə yuxuya gedə
bilmir. Bu, yuxu-oyanıqlıq ritminin pozulması ilə əlaqədar ola bilər. Digər
hallarda isə insan həm gündüz, həm də gecə normal yata bilmir.
Beləliklə, həqiqətən az yuxuya ehtiyacı olan insanla yuxu pozğunluğu yaşayan
şəxsi fərqləndirmək vacibdir. Əgər insan ömrü boyu 5–6 saat yatıbsa, özünü
gümrah hiss edirsə, gündüz yuxululuğu və fəaliyyətində zəifləmə yoxdursa, bu,
onun fərdi bioloji xüsusiyyəti ola bilər. Amma əvvəllər normal yatan insan
sonradan yuxusuzluqdan əziyyət çəkməyə başlayıbsa, bunun səbəbi mütləq
araşdırılmalıdır”.
Terapevt qeyd edib ki, yuxunun orqanizm üçün əhəmiyyəti çox böyükdür:
!Yuxu zamanı beyin və sinir sistemi bərpa olunur, yaddaş və informasiyanın
mənimsənilməsi prosesləri tənzimlənir, hormonal və metabolik tarazlığın qorunmasında
mühüm mexanizmlər fəaliyyət göstərir.
Əgər insan genetik olaraq az yuxuya ehtiyac duyursa, kifayət qədər istirahət
edir və gün ərzində normal fəaliyyət göstərirsə, 5–6 saatlıq yuxunu avtomatik
olaraq xəstəlik və ya zərərli hal hesab etmək olmaz. Lakin bu, nadir
istisnadır. Əksər yetkin insanlar üçün sutkada 7–9 saat yuxu tövsiyə olunur.
Uzun müddət yuxu çatışmazlığı isə arterial təzyiqin yüksəlməsinə, ürək-damar
xəstəlikləri riskinin artmasına, insulinə həssaslığın azalmasına, qlükoza
mübadiləsinin pozulmasına, piylənməyə və immun sisteminin zəifləməsinə səbəb
ola bilər.
İlk mərhələdə diqqət dağınıqlığı, unutqanlıq, əsəbilik, əhval-ruhiyyənin
dəyişməsi, iş qabiliyyətinin azalması, gündüz yuxululuğu və ümumi əzginlik
müşahidə edilə bilər. Bəzən insan özünü yorğun hiss etməsə də, diqqət və
reaksiya sürətində zəifləmə baş verə bilər. Bu səbəbdən yalnız insanın
subyektiv olaraq özünü necə hiss etməsinə əsaslanmaq düzgün deyil.
Bir həkim kimi xüsusilə onu vurğulamaq istəyirəm ki, yuxu pozğunluğu bəzən
müstəqil problem deyil, başqa bir xəstəliyin əlaməti olur. Ona görə də
yuxusuzluqdan şikayət edən insana dərhal yuxu dərmanı təyin etmək əvəzinə, ilk
növbədə bunun səbəbi araşdırılmalıdır. Xroniki xəstəliklər, hormonal
dəyişikliklər, psixoloji gərginlik və sinir sisteminin funksional pozğunluqları
nəzərə alınmalıdır.
Nəticə etibarilə, yuxu müddəti hər bir insanın fərdi xüsusiyyətlərinə uyğun
dəyişə bilər. Ancaq yuxunun keyfiyyəti, müddəti və insanın gündəlik
fəaliyyətinə təsiri birlikdə qiymətləndirilməlidir. Sağlam yuxu sağlamlığın
qorunmasının əsas şərtlərindən biridir”.
Məhəbbət Tərlanoğlu
11:30 04.11.2026
Oxunuş sayı: 72