Qaradağda qorxulu mənzərə: Vulkan püskürdü
Qaradağ rayonunda yerləşən Otman-Bozdağ palçıq vulkanında bu gün, 26 sentyabrda püskürmə baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal seysmik stansiyaları hadisəni saat 07:32-də qeydə alıb. Püskürmə güclü alovlanma ilə müşayiət olunub. Otman-Bozdağ Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu, ərazidə ilk belə hadisə deyil. Otman-Bozdağ Azərbaycanın ən iri və fəal palçıq vulkanlarından biri hesab olunur. 2025-ci il oktyabrın 11-də də burada püskürmə qeydə alınmış, hadisə zamanı yer səthinə çıxan brekçiyanın yayıldığı sahə təxminən 4 hektar, həcmi isə 60 min kubmetr qiymətləndirilmişdi. Vulkan 2018-ci il sentyabrın 23-də də püskürüb və həmin vaxt alovun hündürlüyü 200–300 metrə çatıb. Azərbaycan palçıq vulkanlarının geniş yayıldığı ölkələrdən biridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkənin neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşir. Bu vulkanlar yer səthinə qazlar, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxara bilir və Azərbaycanda hər il orta hesabla 2–5, bəzi illərdə isə daha çox püskürmə hadisəsi baş verir.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, palçıq vulkanları Abşeron yarımadası və bütövlükdə Azərbaycan üçün çox xarakterik təbiət hadisəsidir:

"Bakı-Abşeron zonasında, Qaradağda, Qobustan rayonunun ərazisində son 100–150 ildə 300-ə qədər palçıq vulkanı püskürməsi baş verib. Bu hadisələrin səbəblərinin araşdırılması ilə bir çox elmi-tədqiqat institutları məşğul olub. Eyni zamanda, Rusiya Elmlər Akademiyasının ekspedisiya qrupu 1930-cu illərdə Azərbaycana gələrək palçıq vulkanlarının öyrənilməsi ilə bağlı geniş tədqiqat işi aparıb. Son baş verən təbiət hadisəsi Otman-Bozdağ deyilən ərazidədir. Bu ərazi Dövlət Qoruğunun sərhədlərini əhatə edir. Burada palçıq püskürməsi və eyni zamanda yanğın müşahidə olunub. Qeyd edim ki, Qaradağ rayonunun ərazisi palçıq vulkanları üçün ən həssas bölgələrdən biridir və son onilliklərdə burada 30-a qədər palçıq vulkanı püskürməsi baş verib. Onların mərkəzlərindən biri Lökbatan qəsəbəsidir. Lökbatan qəsəbəsi, Daşgil zonası və digər ərazilərdə də xeyli vulkan püskürməsi baş verib. Vulkan hadisəsi belədir ki, metan qazı və digər qazların toplanaraq yerin 3–4 kilometr dərinliyində sıxılması, sızıntı yerlərindən toplanaraq sızması və özü ilə birlikdə gil və qum qarışığını götürərək sürətli hərəkətlə torpağın üst qatına çıxması hadisəsidir. Yüksək istilik yarandığından və süxurların bir-birinə toxunmasından qığılcım əmələ gəlir. Metan qazı da çox sürətlə yana bilən qaz olduğu üçün alışma baş verir. Bu alışma nəticəsində vulkan sürətlə hərəkət edərək torpağın üst qatına çıxır. Hətta 10, 20, 30 metrəyə qədər hündürlükdə müəyyən müddət ərzində yanmaqla müşahidə olunan gil-qum qatışığının, yəni brekçiya adlanan materialın səpələnərək torpağın üst qatına atılması hadisəsi baş verir.
Ekspert qeyd edib ki, bunu araşdıran elmi-tədqiqat institutunun alimləri, akademiklərin verdikləri rəylərə görə, burada əsas amilin neft-qaz amili olduğunu bildirirlər:
"Bildiyimiz kimi, Bakı-Abşeron yarımadası neft və qazla zəngin bir bölgədir. Burada zaman-zaman təbiət hadisələri və zəlzələlər baş verir. Xəzər dənizində baş verən zəlzələlər də ərazi seysmik zonada yerləşdiyindən tez-tez təkrarlanır. Palçıq vulkanlarının yaranmasının səbəblərindən biri də məhz zəlzələlər ola bilər. Zəlzələlər bu prosesi sürətləndirir və tektonik qatları sıxaraq qazın sürətlə torpağın üst qatına çıxmasına şərait yaradır. Məhz bu gün baş verən palçıq vulkanı hadisəsi də bu tipli vulkanlardan biridir. Bu prosesin özü göstərir ki, Bakı-Abşeron yarımadası hələ də zəngin neft ehtiyatlarına malikdir və geoloji kəşfiyyat işləri aparılarsa, yeni yataqlar aşkar oluna bilər. Çünki neftlə qaz çıxarılan zaman neftlə birlikdə qaz da çıxır və onun hərəkətini sürətləndirir. Eyni zamanda burada istilik yarandığı üçün yanma baş verir, yüksək təzyiq altında gil-qum qarışıqları əriyərək palçıq şəklində, brekçiya formasında torpağın üst qatına atılır. Bu da kifayət qədər böyük hadisələrdən biri sayılır. Onu da deyim ki, palçıq vulkanları müalicəvi xüsusiyyətlərə də malikdir. Məsələn, Rusiyada Qara dəniz sahili yaxınlığında, Taman vilayətində bir palçıq vulkanı var və orada sanatoriya fəaliyyət göstərir. İnsanlar orada müalicə alaraq müəyyən xəstəliklərin müalicəsində bu palçıqdan istifadə edirlər. Eyni şey Gürcüstanda, Kaxetiya ərazisində də var. Orada da palçıq vulkanı olan ərazini sanatoriyaya çeviriblər. Abşeron yarımadasında, Bakıda bu vulkanların çox olmasına baxmayaraq, hələlik bizdə bu tipli sanatoriyalar və insanların müalicə olunması üçün şərait yaradılmayıb. Ancaq palçıq vulkanı baş verən həmin zonalar dövlət qoruğu elan olunub".
Zeynəb Həsən
14:00 26.09.2026
Oxunuş sayı: 46