İlham Əliyevin təhlükəsizlik mesajı: Azərbaycan regionun yeni iqtisadi və geosiyasi mərkəzinə çevrilir
Prezident İlham Əliyev Azərbaycanın dünyada ən təhlükəsiz yerlərdən biri olduğunu və ölkədə kriminogen vəziyyətin tam nəzarət altında saxlanıldığını bildirib. Dövlət başçısı bu fikirləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Prezidentin açıqlaması təhlükəsizlik amilinin ölkənin investisiya mühitinə təsiri məsələsini də gündəmə gətirib. Prezident çıxışında təhlükəsizliyin investorlar üçün mühüm amillərdən biri olduğunu vurğulayıb.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu dünyada münaqişələrin və müharibələrin artdığı bir mərhələdə yeni iqtisadi əməkdaşlıq platformalarının və bağlantıların yaradılmasının zərurətə çevrildiyini bildirib:
“Hazırda dünya yeni müharibələr mərhələsinə qədəm qoyubdur və dünyanın müxtəlif yerlərində ən müxtəlif münaqişələr müharibəyə çevrilibdir. Uzun illərdir davam edən müharibələrə çevriliblər əslində. Bu isə həm dünyada əməkdaşlıq qurmağı çətinləşdirir, həm etimad mühitini zədələyir, həm də müharibə zonalarından kənar yeni iqtisadi əməkdaşlıq platformaları və yeni bağlantıların yaradılmasını zəruri edir”.
Hikmət Babaoğlu Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın regionun təhlükəsizliyi və iqtisadi inkişafı baxımından əhəmiyyət daşıdığını vurğulayıb: “Belə olan halda aid olduğumuz regiona baxan zaman Azərbaycanın Cənubi Qafqazda yeni reallıq yaratdığını görürük. Uzun illərdir bizim regionda da davam edən müharibənin Azərbaycanın gücü, qətiyyəti sayəsində sülhə çevrilməsinə şahidlik edirik. Bu, hər şeydən öncə Azərbaycan vətəndaşları üçün rifah, təhlükəsizlik və sabitlik deməkdir. Ondan sonra isə dünyada sabitlik və rifah istəyən ölkələrin Azərbaycana müraciət etməsi deməkdir”.
Deputat Trans-Xəzər və TRACECA marşrutlarının, eləcə də yeni əməkdaşlıq platformalarının formalaşmasını regionda yaranan geosiyasi və geoiqtisadi arxitekturanın göstəricisi kimi qiymətləndirib: “Məhz bu reallıq kontekstində görürsünüzmü, yeni Trans-Xəzər marşrutundan danışırıq, yeni TRACECA marşrutundan danışırıq və yeni əməkdaşlıq platformalarından danışırıq. Bu, özü-özlüyündə başlı-başına bir yeni geosiyasi və geoiqtisadi arxitekturadır. Və bu arxitekturanı yaradan Azərbaycandır”.
O, Azərbaycanın təhlükəsizlik və əməkdaşlıq baxımından mövqeyinin gələcəkdə regionun inkişafına təsir göstərə biləcəyini qeyd edib: “Azərbaycan Prezidenti dünyanın ən təhlükəsiz yerlərindən biri Azərbaycandır deyən zaman tamamilə haqlıdır və bu cümlə, bu fikir tam reallığı özündə əks etdirir. Bu isə, əlbəttə ki, hazırda, hazırkı mərhələdə konkret əməkdaşlıq, müqavilələr və layihələrlə dəstəklənən institusional reallığa çevrilir. Bu potensial gələcəkdə regionumuzu inkişaf etmiş regionlardan birinə çevirəcəkdir”.
Nigar Xəlilli
12:00 26.09.2026
Oxunuş sayı: 40