Qəzzada atəşkəs kövrək qaldı: Han Yunusda yeni hücum iddiası, yaralananlar var
Qəzza zolağında atəşkəsə baxmayaraq bölgədə gərginliyin davam etdiyi bildirilir. İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində Han Yunus şəhərinin Mevasi bölgəsində 3 fələstinlinin yaralandığı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hücum zamanı yaralananlar arasında bir uşaq da olub. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata əsasən, İsrail ordusuna məxsus hərbi texnikalardan Han Yunusun şimalında yerləşən Hamad yaşayış kompleksi ətrafındakı köçkün fələstinlilərin çadırlarına intensiv atəş açılıb. Həmçinin şəhərin cənub hissələrinə də atəş açıldığı qeyd olunub.
Bildirilib ki, Qəzza şəhəri sahillərində İsrail hərbi gəmilərindən balıqçı qayıqlarına atəş açılıb, Tuffah və Şucaiyya məhəllələrinin şərq hissələri isə artilleriya atəşinə tutulub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra İsrailin həyata keçirdiyi hücumlarda 1408 fələstinli həlak olub, 4916 nəfər yaralanıb.
Məlumata görə, 2023-cü ilin oktyabrından başlayan İsrailin Qəzzaya qarşı əməliyyatları nəticəsində təxminən 74 min fələstinli həyatını itirib, 175 mindən çox insan yaralanıb. Hücumlar nəticəsində Qəzzadakı infrastrukturun böyük hissəsinin dağıldığı bildirilib.
11:03 26.09.2026
Oxunuş sayı: 49