30 yaş “dostluq süzgəci”dir? İnsanlar niyə köhnə çevrəsindən uzaqlaşır?
İnsan həyatının müxtəlif mərhələlərində münasibətlərə və sosial çevrəsinə fərqli yanaşır. Gənclik illərində geniş dost çevrəsi, tez-tez görüşlər və uzun söhbətlər həyatın adi hissəsi olduğu halda, yaş artdıqca bu münasibətlərin sayı və forması dəyişə bilər. Xüsusilə 30 yaş ətrafında insanın sosial həyatında baş verən dəyişikliklər diqqət çəkir: əvvəllər yaxın olduğu insanlarla əlaqələr zəifləyir, bəzi dostluqlar təbii şəkildə sona çatır, yeni münasibətlər isə daha seçici xarakter alır.
Bu dəyişiklik hər zaman münasibətlərin pisləşməsi anlamına gəlmir. Həyatın müxtəlif dövrlərində prioritetlərin dəyişməsi insanın kimlərlə vaxt keçirmək istədiyinə, hansı münasibətləri davam etdirdiyinə və sosial çevrəsini necə formalaşdırdığına təsir göstərə bilər. Bəs 30 yaşdan sonra insan niyə əvvəlki qədər çox insanla ünsiyyətdə olmaq istəmir?
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Crossmedia.az-a açıqlamasında bildirib ki, bunun bir neçə səbəbi var. Birinci səbəb qayğıların çoxalmasıdır:
"İnsan 30 yaşına qədər daha az qayğı ilə yaşayır. 30 yaşdan sonra ailə, uşaq, uşaqların böyüməsi, sosial-iqtisadi qayğılar artır. İnsanın üzərində nə qədər çox qayğı olursa, o, bir o qədər çevrəsini daraldır, daha az insanla ünsiyyətə can atır. Çünki buna vaxtı olmur. Buna vaxtı olmur, enerjisi olmur, daha çox ciddi qayğılara fokuslanır. Bu, birinci səbəbdir. İkinci səbəb isə dünyagörüşünün, baxışlarının dəyişməsidir. İnsan 30 yaşdan sonra həyata fərqli baxmağa başlayır. Onun özünə uyğun olmayan insanlarla oturub söhbət etməyə hövsələsi çatmır. İnsanın idealları, ideyaları, baxışları, həyata münasibəti daha ciddi olur. Məsələn, insan 30 yaşına qədər bir şeyə inanırsa, 30 yaşından sonra həmin inamı daha da dərinləşir. 30 yaşına qədər insan müəyyən bir tip adama nifrət edirsə, 30 yaşından sonra bu münasibəti daha da güclənir. Yəni 30 yaşına qədər həmin insanla haradasa oturub salamlaşa, söhbət edə bilərdisə, 30 yaşından sonra bu mümkün deyil, ondan uzaqlaşır. Bu, çox dəhşətli bir şeydir".
Sosioloq qeyd edib ki, tədricən dostlar azalır, çevrə daralır və insan daha az insanla ünsiyyətdə olmağa başlayır: "Ailəsinə bağlı olan insanlar isə daha çox ailələrinə, uşaqlarına zaman ayırmağa çalışırlar. Evdə daha çox rahatlıq hiss edirlər. Əsas səbəblər bunlardır".
Zeynəb Həsən
14:00 25.09.2026
Oxunuş sayı: 22