Ələtdə mühüm mineral layihəsi həyata keçiriləcək
Azərbaycan Ələt ərazisində kritik mühüm minerallar üçün ixtisaslaşmış habın yaradılması layihəsini həyata keçirir.
Crossmedia.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
"AzerGold"un rəhbəri qeyd edib ki, 2030-cu ilə qədər şirkətin qarşısında qızıl, mis və polimetalların hasilatına istiqamətlənmiş innovativ layihələr portfelinin formalaşdırılması vəzifəsi durur.
"Buna əyani misal kimi Azərbaycanın şimal hissəsində yerləşən və böyük ehtiyatların cəmləşdiyi "Filizçay" polimetal yatağını göstərmək olar: burada təxminən üç milyon ton sink, yarım milyon ton mis və bir milyon tondan çox qurğuşun var. Bu cür təşəbbüslərin həyata keçirilməsi təkcə milli dağ-mədən sahəsi üçün stimul olmayacaq, həm də bütün regionun logistika zəncirlərinə əhəmiyyətli təsir göstərəcək", - Z. İbrahimov vurğulayıb.
O, həmçinin əlavə edib ki, mineral-xammal bazasının artırılması məqsədilə hazırda Kiçik Qafqaz zonasında və Naxçıvan Muxtar Respublikası hüdudlarında genişmiqyaslı geoloji-kəşfiyyat tədbirləri həyata keçirilir.
"Beləliklə, proseslərin geoloji sabitliyinə nail olunur. Lakin faydalı qazıntı yataqlarının sadəcə aşkar edilməsi yekun həll deyil. Tədarükün əsl təhlükəsizliyi üçün onların emalı zəruridir. Bu səbəbdən Azərbaycan kapital qoyuluşu üçün geniş perspektivlər təqdim edən Ələtdə mineral habın formalaşdırılması üzərində işləyir. Vahid meydançada emal gücləri, logistika, investisiyalar və qlobal bazarlara çıxış cəmləşəcək. Bu əraziyə xüsusi zona statusu veriləcək", - Z. İbrahimov deyib.
19:10 25.09.2026
Oxunuş sayı: 41