NATO və Rusiya üz-üzə - Yeni müharibə başlayır
NATO Rusiyadan gələn mümkün hərbi və hibrid təhdidlər fonunda şərq cinahında müdafiə imkanlarını və kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirir. Alyansın məlumatına görə, hava məkanının pozulması, kiberhücumlar və sabotaj kimi hallar təhlükəsizlik tədbirlərinin genişləndirilməsinə səbəb olub.
NATO-nun bu addımları Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın təhlükəsizlik gündəliyində baş verən dəyişikliklərlə əlaqələndirilir. Bəs Alyansın şərq cinahında müdafiə imkanlarını artırması regionda təhlükəsizlik vəziyyətinə necə təsir göstərə bilər?
Crossmedia.az-a açıqlamasında politoloq Mütəllim Rəhimli Rusiya-Ukrayna müharibəsi fonunda NATO ilə Rusiya arasında qarşıdurmanın dərinləşdiyini və Alyansın Şərq cinahında müdafiə tədbirlərini artırdığını bildirib.
“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra faktiki olaraq Rusiya ilə NATO arasında gizli bir qarşıdurma getməkdədir. NATO rəsmi olaraq müharibəyə qoşulmasa da, Ukraynaya verdiyi silah-sursat və digər hərbi dəstəklə Rusiya ilə müharibədə iştirak edir”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın hərbi gücü Avropada Ukraynadan sonra digər ölkələrin də təhlükə ilə üzləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb: “Rusiyanın hərbi gücü bu gün Avropada belə bir təəssürat yaradıb ki, Ukraynadan sonra Rusiya Avropaya daxil olacaq və Avropanın bir sıra ölkələri işğalla üzləşəcəklər. Bunun nə dərəcədə həqiqət olduğu məsələnin başqa bir tərəfidir. Amma problem ondadır ki, NATO faktiki olaraq özünün preventiv tədbirləri ilə Rusiyanı Ukraynada dayandıra bilmir”.
Mütəllim Rəhimli bildirib ki, Alyansın Şərq cinahında müdafiə tədbirlərini gücləndirməsi yeni reallığa cavab olaraq qiymətləndirilə bilər: “Son zamanlar Alyansın Rusiyanın hərbi çevikliyi qarşısında Şərq cinahında müdafiə tədbirləri görməsi yeni reallığa cavabdır. Bu baxımdan artıq NATO-da qəbul edirlər ki, Rusiya ilə müharibədə kifayət qədər müqavimət göstərə bilmirlər. Çünki Alyansın tərkibində olan fikir ayrılıqları onun problemə vahid mövqedən yanaşmasının qarşısını alır”.
Politoloq qeyd edib ki, NATO-nun qarşısında həm də Alyansın bütövlüyünü və vahidliyini qorumaq məsələsi dayanır: “Müdafiə tədbirlərinin görülməsi heç də vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxara bilməz. Ona görə ki, NATO özü bir sınaq qarşısındadır. Bu sınaqdan keçə biləcəkmi, öz bütövlüyünü və vahidliyini qoruyacaqmı? Bu, çox mühüm məsələdir və bununla bağlı birmənalı cavab yoxdur”.
Mütəllim Rəhimli əlavə edib ki, NATO-nun yeni müdafiə sisteminin qurulması Alyansın Şərq cinahının təhlükəsizliyinin artırılmasına yönələ bilər: “NATO onsuz da Rusiya ilə qeyri-rəsmi vuruşur və yeni müdafiə sisteminin qurulması hər hansı bir gərginliyin artmasına səbəb olmayacaq. Bu, sadəcə olaraq NATO-nun Şərq cinahının daha təhlükəsiz olmasına gətirib çıxara bilər. Çünki həm Baltikyanı ölkələrə, eyni zamanda Polşa və digər ölkələrə artıq Rusiya raketləri və dronları gedib çatmaqdadır və NATO bunların qarşısını kəsə bilmir. Ona görə də NATO-nun müdafiə tədbirləri çox güman ki, bunu qarşılamağa yönəlib”.
Politoloq ABŞ-nin NATO-ya dəstəyi məsələsinə də toxunub: “Faktiki olaraq Birləşmiş Ştatlar NATO-ya əvvəlki hərbi və maliyyə dəstəyini vermir. Bu da onun qarşısına qoyduğu məqsədlərin kifayət qədər yerinə yetirilməsinə mane olur”.
Nigar Xəlilli
19:45 25.09.2026
Oxunuş sayı: 60