Bir tarix, min qəhrəmanlıq
27 sentyabr tarixi xalqımızın yaddaşında dərin iz qoyan, tariximizin ən ağrılı və eyni zamanda qürurverici səhifələrindən birini özündə yaşadan gündür. Bu tarix Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi Anım Günüdür. 27 sentyabr 2020-ci il tarixində başlanan və 44 gün davam edən Vətən müharibəsi başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən Anım Günü təsis edilib. Sərəncamın təsis edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. 27 sentyabr tarixinin arxasında minlərlə insanın taleyi, minlərlə ailələrin duaları və minlərlə qəhrəmanların izi var. Minlərlə izlər yaddaşımızda yaşadıqca tarix hər zaman yaşayacaq.
27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Qəhrəmanlıq yalnız döyüş meydanında göstərilən şücaət deyil. Qəhrəmanlıq bəzən təhlükə qarşısında geri çəkilməmək, bəzən ağır şəraitdə insan həyatını xilas etmək, bəzən də milli dəyərləri qorumaqdır. Əsl qəhrəmanlıq insanın üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməsində, çətin anda məsuliyyətdən qaçmamasında və Vətən qarşısında borcunu dərk etməsində özünü göstərir. Bu baxımdan hər bir qəhrəmanın hekayəsi fərqlidir. Kiminsə adı tarixə qızıl hərflərlə yazılıb, kiminsə fədakarlığı isə yalnız ailəsinin, dostlarının və yaxınlarının yaddaşında yaşayır. Lakin onların hər birinin töhfəsi bütöv bir xalqın tarixində özünəməxsus yer tutur.
Gənc nəsil öz tarixini bilməli, bu tarixi formalaşdıran insanların həyatını və mübarizəsini öyrənməlidir. Çünki milli yaddaş qorunmadıqda tarix yalnız kitab səhifələrində qalan məlumatlar toplusuna çevrilə bilər. Tarix isə yaddaşda yaşadıqda, ailələrdə danışıldıqda, məktəblərdə öyrədildikdə və cəmiyyət tərəfindən yaşadıldıqda canlı qalır. Bu baxımdan qəhrəmanların həyat hekayələrinin sənədləşdirilməsi, onların xatirəsinin qorunması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. Bu gün haqqında danışdığımız insanlar sabahın tarix dərslərinin əsas mövzularından birinə çevrilirlər. Biz qəhrəmanlarımızı xatırlayarkən onların yalnız göstərdiyi şücaəti deyil, bizə miras qoyduqları dəyərləri də düşünməliyik: Vətən sevgisi, sədaqət, birlik, mərdlik, məsuliyyət və insanlıq. Tarix dəyişir, nəsillər bir-birini əvəz edir, zaman keçir. Lakin xalqın yaddaşında yaşayan qəhrəmanlıq nümunələri zamanın fövqündə dayanır. Onlar gələcək nəsillərə səssiz bir mesaj ötürür: Vətəni sevmək yalnız sözlə deyil, əməl ilə sübut olunur. Bu günün insanları sabahın tarixini yazırlar. Ona görə də hər birimiz öz əməlimiz, mövqeyimiz və məsuliyyətimizlə yaşadığımız dövrün yaddaşına töhfə verməliyik.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Hər bir azərbaycanlı mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram göstərilir.

Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini
15:20 25.09.2026
Oxunuş sayı: 40