Yeni iş REJİMİ GƏLİR - günün yarısı işdə, yarısı evdə olacaqsız
Əmək münasibətlərində işçinin əmək funksiyasını hansı məkanda yerinə yetirməsi son illərdə dəyişən iş modelinin əsas məsələlərindən birinə çevrilib. Xüsusilə rəqəmsal texnologiyaların inkişafı bəzi peşələrdə işçinin ofisdə fiziki iştirakını zəruri olmadan əmək fəaliyyətini davam etdirməsinə imkan yaradır. Bu isə məsafədən və hibrid iş formatlarının hüquqi baxımdan necə rəsmiləşdirilməsi məsələsini gündəmə gətirir.
Azərbaycanın əmək qanunvericiliyində məsafədən işlə bağlı müddəalar mövcuddur. Belə iş rejimində əmək funksiyasının işəgötürənin yerləşdiyi məkandan kənarda yerinə yetirilməsi mümkündür. Hibrid modeldə isə işçinin fəaliyyətinin bir hissəsini məsafədən, digər hissəsini isə iş yerində həyata keçirməsi nəzərdə tutula bilər. Bəs bu model bütün işəgötürənlər üçün eyni qaydada tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, Əmək Məcəlləsində məsafədən iş anlayışı var. "Məsafədən işin də bir neçə forması mövcuddur. Bunlardan biri hibrid iş ola bilər. Bir halda işçi əmək funksiyasını tamamilə kənardan yerinə yetirir və onun iş yerində heç bir şəraiti — otağı, stolu, avadanlığı və s. olmur. İkinci halda isə hibrid iş mümkündür: işin xarakterindən asılı olaraq, işçi fəaliyyətinin bir hissəsini kənardan, digər hissəsini isə iş yerinə gələrək həyata keçirir.
Hüquq müdafiəçisi qeyd edib ki, belə bir hal mümkündür, çünki qanunvericilik buna imkan verir. Sadəcə, məsafədən və ya hibrid iş modelini dövlət orqanlarında və büdcə təşkilatlarında tətbiq etmək üçün əlavə tənzimləyici normativlər olmalıdır. Kommersiya qurumları üçün isə burada heç bir problem yoxdur.
Zeynəb Həsən
17:00 25.09.2026
Oxunuş sayı: 56