Seçki sisteminə kiberhücumların miqyası açıqlandı
Rusiyada keçirilən Dövlət Dumasına seçkilər zamanı seçki sisteminə qarşı kiberhücumlar, seçki komissiyalarının üzvlərinə təhdidlər və səsvermə infrastrukturuna hücumlar qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiya Siyasi Məsləhətçilər Assosiasiyasının idarə heyətinin üzvü, “Minçenko Konsaltinq” kommunikasiya holdinqinin prezidenti Yevgeni Minçenko Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilovanın açıqlamalarını şərh edərkən bildirib ki, seçki sistemi ilə bağlı səsləndirilən hücum və təhdidlər real faktlarla təsdiqlənir.
Onun sözlərinə görə, seçki komissiyalarının üzvlərinə və onların ailələrinə qarşı təhdidlər, insanların ölümü və səsvermə infrastrukturuna hücumlar baş verib.
Minçenko özü də belə hücumların nəticəsi ilə üzləşdiyini bildirib. O, Moskvada seçki məntəqəsinə gəldikdə seçicilərin identifikasiyası sistemi haker hücumu nəticəsində işləməyib. Buna görə ekspert daha sonra məntəqəyə yenidən gedərək növbədə gözlədikdən sonra səs verə bilib.
Ekspert həmçinin seçkilər zamanı saxta məlumatların geniş yayılması kampaniyasının aparıldığını və pilotsuz uçuş aparatları ilə hücumların baş verdiyini deyib. Onun fikrincə, bütün bunlar nəticədə seçicilərin prezident ətrafında konsolidasiyasına səbəb olub.
Seçkilərin nəticələrinə müxalifət partiyalarının rəhbərləri tərəfindən edilən tənqidlərə münasibət bildirən Minçenko qeyd edib ki, konkret iddialar inzibati və cinayət hüququ çərçivəsində araşdırıla bilər. Onun sözlərinə görə, pozuntularla bağlı sübutlar olduğu halda hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək mümkündür.
Minçenko Kommunist Partiyasının məsafədən elektron səsvermə sistemini də tənqid etdiyini xatırladıb. O bildirib ki, partiya daha əvvəl elektron səsverməni hakim partiyanın xeyrinə saxtalaşdırma vasitəsi adlandırıb. Ekspertin sözlərinə görə, seçkilərin nəticələri bu iddianı təsdiqləməyib və “Vahid Rusiya” elektron səsvermədə müxalifət partiyalarından daha az səs toplayıb.
18:11 25.09.2026
Oxunuş sayı: 40