Nazir: Mineral xammalın dünya bazarlarına çıxarılması vacibdir
Azərbaycanın hasil etdiyi mineral xammal və emal məhsullarının dünya bazarlarına çıxarılması mühüm şərtdir.
Crossmedia.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən COP29 çərçivəsində enerji keçidi üçün zəruri olan bu mineralların gələcəyi beynəlxalq müzakirələrin mərkəzində dayanıb:
"Tədbir zamanı qəbul edilmiş qlobal təşəbbüslər, xüsusilə 2030-cu ilədək enerji saxlama gücünün altı dəfə artırılaraq 1500 qiqavata çatdırılması və 25 milyon kilometr elektrik şəbəkəsinin yaradılması və ya yenilənməsini nəzərdə tutur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq əsas prioritetimiz yaşıl texnologiyalar üçün zəruri mineral xammalın hasilatı zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsini və təbii ehtiyatlardan səmərəli istifadəni təmin etməkdir. Bu baxımdan, suyun təkrar dövriyyəsi, enerji səmərəliliyi, tullantıların təhlükəsiz idarə olunması, biomüxtəlifliyin qorunması və istismar başa çatdıqdan sonra torpaqların rekultivasiyası kimi məsələlər layihələndirmə mərhələsindən diqqətdə saxlanılmalıdır".
Nazir deyib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri mineral ehtiyatlardan səmərəli istifadə üçün yeni imkanlar yaradır:
"Bərpa və yenidən qurulan yollar, enerji və su infrastrukturu istehsal layihələrinin inkişafına möhkəm zəmin formalaşdırır. Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yataqların iqtisadi dövriyyəyə cəlb olunmasına məhz bu bütöv yanaşma ilə baxırıq. İcra edilən hər bir layihə məşğulluğa və ixraca töhfə verməklə yanaşı, ərazinin bərpa planları, su ehtiyatları və ekosistemlərin həssaslığı ilə uzlaşdırılmalıdır. Hasil edilən mineral xammal və emal məhsullarının dünya bazarlarına çıxarılması da mühüm şərtdir. Bu baxımdan, Azərbaycanın strateji Orta Dəhliz üzərində yerləşməsi daşınma marşrutlarının şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün bizə və tərəfdaşlarımıza əlavə üstünlük qazandırır. Azərbaycan öz kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə, ölkə daxilində əlavə dəyər yaratmağa və qlobal təchizatın dayanıqlılığına töhfə verməyə hazırdır".
18:06 25.09.2026
Oxunuş sayı: 44