Ərdoğandan İran, Ukrayna və İsraillə bağlı mühüm açıqlamalar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin daha geniş coğrafiyaya yayılması riskinin nəzərə alınmalı olduğunu bildirib və Ankara tərəfindən yeni danışıqlar masasının qurulmasına dəstək verməyə hazır olduqlarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ərdoğan bunu ABŞ-ın “Newsweek” jurnalına müsahibəsində deyib. O bildirib ki, Türkiyənin BMT Baş Assambleyasındakı əsas prioritetlərindən biri mövcud münaqişələrin yeni ölkələrə yayılmasının qarşısının alınması, diplomatik kanalların açıq saxlanılması və tərəflərin yenidən danışıqlar masasına qaytarılmasıdır.
Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinin genişlənməsi ehtimalının gözardı edilmədiyini qeyd edib. Onun sözlərinə görə, İstanbul danışıqları, Qara Dəniz Taxıl Təşəbbüsü və əsir mübadilələri Ankaranın hər iki tərəflə əlaqə saxlaya bilməsinin konkret nəticələridir. Ərdoğan əlavə edib ki, siyasi iradə olduğu halda Türkiyə yeni danışıqlar masasının yaradılmasına və sülh prosesinin irəliləməsinə töhfə verməyə hazırdır.
İran-ABŞ qarşıdurmasına da toxunan Ərdoğan Vaşinqtonun Türkiyənin NATO müttəfiqi, İranın isə qonşusu olduğunu vurğulayıb. O bildirib ki, Donald Trampla son görüşündə gərginliyin azaldılması üçün diplomatik imkanlardan maksimum istifadə olunmasının vacibliyini çatdırıb. Türkiyə tərəfinin İran rəsmiləri ilə də əlaqələri davam etdirdiyi qeyd olunub.
Ərdoğanın sözlərinə görə, Hörmüz boğazındakı gərginlik enerji təchizatına və qlobal ticarətə birbaşa təsir göstərir. Türkiyənin prioriteti münaqişənin genişlənməsinin qarşısını almaq, ticarət yollarının təhlükəsizliyini qorumaq və tərəfləri yenidən danışıqlara qaytarmaqdır. Türkiyə Prezident Administrasiyası da Ərdoğanın BMT Baş katibi Antonio Quterreşlə görüşündə İran və Ukraynada gərginliyin azaldılmasına çağırdığını açıqlayıb.
Türkiyə lideri Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Məkkə Birgə Müdafiə Sazişinə də toxunaraq bunun İran, İsrail və ya başqa üçüncü ölkəyə qarşı yaradılmış ittifaq kimi qiymətləndirilməsinin doğru olmadığını deyib. Ərdoğanın sözlərinə görə, saziş regional təhlükəsizliyi və çəkindirmə imkanlarını gücləndirməyə yönəlib.
İsrail məsələsində Ərdoğan Türkiyənin İsrail xalqına qarşı düşmən mövqedə olmadığını, Ankaranın etirazının beynəlxalq hüquqa zidd hesab etdiyi siyasətlərə və regional sabitliyə mənfi təsir edən addımlara yönəldiyini bildirib. O, Türkiyə-ABŞ münasibətlərini üçüncü ölkə üzərindən qiymətləndirmədiyini də vurğulayıb.
Suriya ilə bağlı isə Türkiyə Prezidenti ölkənin suverenliyinin, ərazi bütövlüyünün və milli birliyinin qorunmasını əsas prioritet adlandırıb. Onun sözlərinə görə, Suriyanın dövlət institutlarının gücləndirilməsi və bütün silahlı strukturların mərkəzi dövlət çərçivəsində inteqrasiyası regional təhlükəsizlik üçün əhəmiyyətlidir.
Ərdoğan həmçinin Türkiyənin xarici siyasətdə “Qərb, yoxsa Şərq?” seçimi qarşısında qoyulmasını doğru hesab etmədiyini bildirib. O qeyd edib ki, Ankara NATO-dakı mövqeyini gücləndirməklə yanaşı Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, G20 və digər platformalarda da əməkdaşlığını genişləndirir.
16:02 25.09.2026
Oxunuş sayı: 43