Bu meyvə beyni yaşlanmanın təsirlərindən qoruya bilər
Üzümdə olan polifenolların beynin yaşla əlaqəli geriləmədən qorunmasına və idrak funksiyalarının dəstəklənməsinə potensial təsir göstərə biləcəyi müəyyənləşdirilib.
Crossmedia.az xəbər verir ki, Şərqi İngiltərə Universitetinin alimlərinin araşdırması “Nutrients” jurnalında dərc olunub.
Tədqiqatçılar üzüm və onun tərkibindəki polifenolların beyin fəaliyyətinə təsiri ilə bağlı əvvəlki araşdırmaları nəzərdən keçiriblər. Onların qənaətinə görə, bu maddələr iltihabı və oksidləşdirici stresi azaltmaqla yanaşı, qan damarlarının və sinir hüceyrələrinin fəaliyyətini dəstəkləyə bilər.
Araşdırmalardan birində yüngül koqnitiv pozğunluğu olan 60-80 yaşlı 143 nəfər altı ay ərzində üzüm və qaragilə ekstraktı qəbul edib. Plasebo qəbul edənlərlə müqayisədə iştirakçılarda məlumatların emalı sürəti və öyrənmə qabiliyyətində daha böyük yaxşılaşma müşahidə olunub.
Digər sınaqda isə 96 yaşlı iştirakçı 12 həftə ərzində üzüm ekstraktı qəbul edib. Araşdırmanın nəticələrinə görə, onun yaddaş, diqqət, nitq və vizual-məkan qabiliyyətlərində müsbət dəyişikliklər qeydə alınıb. Bəzi dəyişikliklərin qəbuldan cəmi iki həftə sonra müşahidə edildiyi bildirilib.
Alimlər polifenolların mümkün təsirini onların iltihab proseslərinə, qan dövranına və sinir hüceyrələrinin fəaliyyətinə təsiri ilə əlaqələndirirlər.
Bununla belə, tədqiqatçıların vurğuladığı nəticələr üzüm və onun tərkibindəki polifenollarla bağlıdır. Bu məlumatlar şərab istehlakının beyin üçün faydalı olduğunu sübut etmir.
18:06 24.09.2026
Oxunuş sayı: 38